Yeni işə qəbul olunmuş müəllimlər üçün adaptasiya proqramı başlayır
Azərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı həyata keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqramın əsas məqsədi müəllimlərin peşəkar fəaliyyətə uğurlu adaptasiyasını dəstəkləmək, məktəb mühitinə uyğunlaşmalarını asanlaşdırmaq, müasir tədris metodları, sinif idarəetməsi və müəllimlik fəaliyyətində vacib olan digər istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Adaptasiya proqramı çərçivəsində AGMA-nın rəsmi Facebook səhifəsində canlı vebinarlar təşkil olunacaq. Vebinarlar hər həftənin 1-ci günü saat 16:00-da başlayacaq və iştirakçılara müxtəlif aktual mövzularda praktiki məlumatlar təqdim ediləcək.
Proqram çərçivəsində aşağıdakı mövzularda təlimlər keçiriləcək:
31 avqust 2026 – Müəllimin peşəkar adaptasiyası və məktəb mədəniyyəti
7 sentyabr 2026 – Müasir dərsin planlaşdırılması və effektiv tədris metodları
14 sentyabr 2026 – Sinif idarəetməsi və müsbət öyrənmə mühitinin yaradılması
21 sentyabr 2026 – Qiymətləndirmə, əks-əlaqə və şagird inkişafının izlənməsi
28 sentyabr 2026 – Müəllim üçün süni intellekt və rəqəmsal alətlər
5 oktyabr 2026 – Psixoloji dayanıqlıq və emosional rifah
12 oktyabr 2026 – Praktik müəllimlik laboratoriyası və mentorluq
Proqram yeni işə qəbul olunmuş müəllimlər üçün nəzərdə tutulmaqla yanaşı, peşəkar inkişafını davam etdirmək istəyən digər müəllimlər üçün də faydalı olacaq.
Adaptasiya proqramı iştirakçılara müəllimlik fəaliyyətinin ilk mərhələsində qarşılaşa biləcəkləri çağırışları daha düzgün idarə etmək, tədris prosesini səmərəli təşkil etmək və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından yeni imkanlar yaradacaq.
Müəllimləri proqram çərçivəsində keçiriləcək canlı vebinarlarda iştirak etməyə dəvət edirik.




