“Parla” təqaüd və inkişaf proqramına müraciət başladı

17 Sentyabr, 2026 - 09:35
“Parla” təqaüd və inkişaf proqramına müraciət başladı

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tərəfindən tələbə qızların təhsil və şəxsi inkişafına dəstək məqsədilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına müraciətlər başladı.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram çərçivəsində seçiləcək 50 tələbə qıza aylıq 200 manat təqaüd veriləcək. Bununla yanaşı, iştirakçılar peşəkar və şəxsi inkişaflarına töhfə verəcək müxtəlif imkanlardan yararlanacaqlar. Proqram iştirakçıları təcrübə, mentorluq və təlimlərə, həmçinin “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış əldə edəcəklər.

Proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Parla” Məzunlar İcması yaradılıb.  İcmanın yaradılması proqram iştirakçıları üçün məzun olduqdan sonrakı dövrdə də inkişaf, əməkdaşlıq və şəbəkələşmə imkanlarının davamlı şəkildə dəstəklənməsinə xidmət edir. İcma çərçivəsində müxtəlif təlimlər, mentorluq görüşləri, peşəkar inkişaf sessiyaları və şəbəkələşmə tədbirləri keçirilir. 

Proqrama kimlər müraciət edə bilər?

“Parla” təqaüd və inkişaf proqramına aşağıdakı tələblərə cavab verən tələbə qızlar müraciət edə bilərlər:

Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə bakalavriat səviyyəsində təhsil almaq;
Proqram üçün müəyyən edilmiş ixtisaslardan biri üzrə təhsil almaq;
Ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 450 bal toplamaq;
Ümumi orta müvəffəqiyyət göstəricisinin 80%-dən yuxarı olması;
Dərsdənkənar, o cümlədən könüllülük və sosial fəaliyyətlərdə fəal iştirak etmək;
Aşağıdakı sosial meyarlardan ən azı birinə cavab vermək:
ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmaq;
valideynləri olmayan və ya uşaq evində böyümüş şəxs olmaq;
Hər iki valideyninin (tək valideyn olduğu halda həmin şəxsin) aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olması:
Orqanizmin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs;
işsiz kimi qeydiyyatda olan şəxs;
iş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxs;
iş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxs.

Qeyd: Yuxarıda qeyd olunan sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimində qəbul imtahanında topladıqları bal əsas götürüləcək.

Seçim necə aparılacaq?

Proqrama qəbul 3 mərhələdən ibarətdir:

1. Onlayn müraciət
Namizədlər müəyyən edilmiş müddət ərzində elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçirlər.

2. Qiymətləndirmə
Namizədlərin akademik göstəriciləri və təqdim etdikləri məlumatlar qiymətləndirilir.

3. Müsahibə
Növbəti mərhələyə keçən namizədlər müsahibəyə dəvət olunur. Müsahibə zamanı namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti və digər meyarlar nəzərə alınır.

Yekun seçim zamanı müsahibədə göstərilən nəticə əsas götürülür.

Proqram çərçivəsində müəyyən edilmiş ixtisasların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Müraciət etmək üçün: https://anket.edu.az/user/371

Son müraciət tarixi: 4 oktyabr 2026-cı il

Qeyd: Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər “Parla” proqramına müraciət edə bilməzlər.