"Maarifçi” – tələbəlikdən peşəkar karyeraya 

5 Avqust, 2026 - 16:23
"Maarifçi” – tələbəlikdən peşəkar karyeraya 

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, ali təhsil müəssisələrinin rektorları, eləcə də dövlət və özəl sektor nümayəndələri qarşısında çıxış etmək mənim üçün böyük qürur mənbəyi oldu. O gün yəqin ki, həyatım boyu unudulmaz təcrübə kimi yadımdan çıxmayacaq”.

Bu,  IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısı Əminə Əhmədovanın dedikləridir. Tələbəlikdən yaddaşına yazılan bu çıxışı “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təşkil olunan “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının II Məzun Günü tədbirində edib. Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən proqramın da qalibi olan Əminə ilə ötən gün Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədlinin “Maarifçi”lərlə görüşündə tanış olduq.

“Azərbaycan müəllimi” gənclərin peşəkar inkişafı, qızların təhsilinə dəstək məqsədi ilə həyata keçirilən layihələrin uğurlu iştirakçısını təqdim edir.

Akademiyaya qəbul olduğu gündən…

Əminə Əhmədova Neftçala şəhəri Elton Həbibov adına 4 nömrəli tam orta məktəbin yetirməsidir və eləcə də Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunudur. 2022-ci ildə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 610 balla daxil olduğu  “Hüquqşünaslıq” ixtisası üzrə təhsilini bu il fərqlənmə diplomu ilə başa vurub.

Akademiyaya qəbul olduğu gündən onun üçün  fəal tələbə həyatı başlayıb: “Akademiyada təhsil aldığım müddətdə daim fəal tələbə olmağa çalışdım, müxtəlif olimpiada, müsabiqə və elmi tədbirlərdə uğurlar əldə etdim”.

Onun nailiyyətlərini saymaqla bitməz. Məsələn, Əminə 2025 və 2026-cı illərdə Azərbaycan Baş Prokurorluğunun dəstəyi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə təşkil edilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci və 103-cü ildönümlərinə həsr edilmiş Respublika hüquq olimpiadalarında II yerə layiq görülüb. 2025-ci ildə “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasının komanda mərhələsində yenə II yeri tutub. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun təşkil etdiyi “Dahilər tarix yazır” mövzusunda yazı müsabiqəsində daha bir ikincilik qazanıb. 2024–2025-ci illərdə “Femida Könüllüləri” proqramı çərçivəsində Səbail Rayon Məhkəməsində “STEP I” mərhələsini 100 balla, Bakı Apellyasiya Məhkəməsində isə “STEP II” mərhələsini 96 balla I dərəcə üzrə tamamlayıb. Daha sonra Əməliyyat-İstintaq Baş İdarəsində “Könüllü gömrükçü” dəstəsinin üzvü kimi fəaliyyət göstərib və proqramı I dərəcə ilə uğurla başa vurub.

“Maarifçi”lik  təcrübəsi analitik düşüncə və hüquqi bacarıqlarımın inkişafına mühüm töhfə verir”

Xüsusən öz ixtisası üzrə nailiyyətlərlə zəngin tələbəlikdən sonra böyük rəqabət meydanı olan “Maarifçi”yə qatılaraq dövlət qulluğu təcrübəsi qazanmaq istəməsində qeyri-təbii nə var? Karyera pilləsində daha inamlı olmaq istəyən minlərlə gəncin arzuladığına o artıq nail olub. 5000-dən çox gəncin qatıldığı bir mübarizə meydanından qalib çıxaraq “Maarifçi” olub: ““Maarifçi” barədə ilk müraciətimi akademiya məzunu olan dostumun tövsiyəsi ilə etdim, amma qeydiyyat mərhələsini keçə bilmədim, çünki onda hələ III kursda oxuyurdum. IV kursda yenidən özümü sınadım”.

Sınaq elə də asan olmayıb: “Seçim prosesində mənim üçün ən həyəcanlı test imtahanı mərhələsi oldu. Müsabiqənin müsahibə mərhələsinə kifayət qədər hazırlıqlı idim. Çünki həmin vaxt həm də hüquq olimpiadasına hazırlaşdığımdan hüquqi mövzular üzərində intensiv çalışırdım. Müsahibə başa çatdıqdan sonra proqrama qəbul olunacağıma əmin idim”.

Elə də olub və o, 53 “Maarifçi”dən biridir: “Hazırda təcrübəmi Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Hüquq və kadrlarla iş şöbəsində keçirəm. Bu proqramın ən böyük faydası akademiyada təhsil aldığım müddətdə nəzəri şəkildə öyrəndiyim əmək qanunvericiliyini praktiki müstəvidə tətbiqi imkanı qazadırmasıdır. İş prosesində real hadisələr və konkret hüquqi məsələlər əsasında əmək qanunvericiliyinin tətbiqini müşahidə edir, müxtəlif hüquqi vəziyyətləri təhlilini aparırdım. Bununla yanaşı, normativ müddəaların praktikada necə işlədiyini daha dərindən öyrənirəm. Maarifçi”lik  təcrübəsi analitik düşüncə və hüquqi təhlil bacarıqlarımın inkişafına  mühüm töhfə verir”.

Əminə işlədiyi komandadan da razıdır: “Proqram çərçivəsində məni sevindirən ən vacib məqamlardan biri əməkdaşların, tərəfdaş qurumların nümayəndələrinin və Elm və Təhsil Nazirliyi sistemində çalışan şəxslərin biz gənclərə səmimi və peşəkar münasibət göstərmələridir. Onların bizləri komandanın bir üzvü kimi qəbul etmələri, rahat və dəstəkləyici iş mühiti yaratmaları, həmçinin öz bilik və təcrübələrini bölüşmələri proqramdan əldə etdiyim ən dəyərli təcrübələrdən biridir”.

Əminə Əhmədova cəmi iki həftədir ki, proqram çərçivəsində təcrübəyə başlayıb və artıq ölkənin ən nüfuzlu təcrübə proqramlarından birində peşəkar inkişaf yolunda dəyərli təcrübə qazanır. Onun hekayəsi ölkəmizdə insan kapitalının gücləndirilməsinə, qızların təhsilinə və gənclərin peşəkar inkişafına yönəlmiş layihələrin real nəticələr verdiyini göstərən uğurlu nümunələrdən biridir.