"Magistraturaya qəbulda 20-30 toplayan birindən yaxşı kadr hazırlamaq olmaz" – Ekspert

31 İyul, 2026 - 16:20
"Magistraturaya qəbulda 20-30 toplayan birindən yaxşı kadr hazırlamaq olmaz"

Bu il magistratura üzrə 4 minə yaxın plan yerinin boş qalması əmək bazarının tələbləri, abituriyentlərin karyera gözləntiləri, təhsil haqları və ayrı-ayrı ixtisasların cəlbediciliyi ilə bağlı bir sıra suallar yaradıb. Bəs magistraturada bu qədər plan yerinin boş qalmasının əsas səbəbləri nələrdir? Bakalavrların magistraturaya marağı azalıb, yoxsa qəbul şərtləri çətinləşib?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Elçin Muradov bildirib ki, magistratura səviyyəsində plan yerlərinin boş qalmasının ən böyük səbəblərindən biri bakalavrların əksəriyyətinin sistemli şəkildə hazırlaşmamasıdır:

“İxtisas seçimi ərəfəsində ixtisas seçimi zamanı müraciət edənlərin bir qismi ciddi şəkildə hazırlaşsa da, bir qismi özləri zəif hazırlaşdıqlarını bildirdilər. Burada problem əslində Dövlət İmtahan Mərkəzində, suallarda deyil, imtahan verən bakalavrlardadır. Onlar hazırlaşmadan, təsadüfi olaraq imtahan verərək hansı nəticə əldə edəcəyinə baxır. Ona görə də plan yerlərinin bu qədər boş qalmasının ən böyük səbəblərindən biri budur. DİM bu il üç mərhələdə imtahan keçirdi, hər mərhələdə lazımi balı keçə bilməyən abituriyent sayı kifayət qədər çox idi.”.

Ekspert qeyd edib ki, təkrar seçim zamanı DİM-in güzəşt etməməsi daha yaxşı olar:

“Bu ali təhsilin ikinci pilləsidir, burada keçid limitini 30-dan yaxud hansısa yüksək ballı ixtisasın limitini daha aşağı salmaq kütləvi savadsızlıq məsələsinə çıxarar. 100 baldan 20-30 toplayan birini universitetə qəbul edib ondan keyfiyyətli bir magistr tələbəsi, gələcəkdə potensial kadr əldə etmək olmaz. Ona görə də plan yerinin boş qalması daha yaxşı olar, nəinki oraya rastgələ kimlərisə qəbul etmək”.