MDU-da şəhid İntiqam İsmayılova həsr olunmuş filmin təqdimatı keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) şəhid İntiqam İsmayılovun xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, EL Televiziya Şirkətinin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Onların qəhrəmanlığı unudulmur”
Tədbirin moderatoru, EL TV-nin aparıcısı Zamiq Hacıyev çıxış edərək şəhid İntiqam İsmayılovun igidlik yolundan söz açıb. O, qeyd edib ki, “bu gün müstəqil Azərbaycanın gəncliyi məhz İntiqam kimi qəhrəmanların yolu ilə gedir. Onların fədakarlığı, torpağa bağlılığı gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.”
“Bu film bir övladın torpaq sevgisinin simvoludur”
Daha sonra filmi ərsəyə gətirən EL Televiziya Şirkətinin layihələr şöbəsinin müdiri Rəna İbrahimova çıxış edərək bildirib:
“İntiqam İsmayılovun həyatını lentə almaq bizim üçün sadəcə bir media işi deyildi. Bu film bir övladın torpağa olan sevgisinin, bir igidin vətən uğrunda şəhadət yolunun sənədli yaddaşıdır. Çəkilişlər zamanı ailəsinin və doğmalarının duyğularını hiss etmək, onların gözlərindəki həm qürur, həm nisgil bizə bu layihənin məsuliyyətini daha da artırdı”.
“Universitetimizdə şəhidlərin yolu daim yaşadılır”
MDU-nin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin rəhbəri Minayə Hüseynova çıxışında universitetdə həyata keçirilən vətənpərvərlik istiqamətli layihələrdən danışıb:
“Biz tələbələr arasında şəhidlərin həyat yolunu tanıtmaq, onların keçdiyi şərəfli mübarizə yolunu gənclərə örnək göstərmək məqsədilə mütəmadi tədbirlər, görüşlər, film təqdimatları təşkil edirik. Hər bir tələbə bilməlidir ki, bu torpaq azadlığı, bu bayraq azad səması şəhidlərin qanı bahasına qazanılıb.”
“İntiqamın hekayəsini çəkmək böyük məsuliyyət idi”
Filmin ssenari müəllifi və rejissoru Elgiz Mahmudov çıxışında şəhidin həyatını ekrana gətirməyin mənəvi məsuliyyətindən danışıb:
“İntiqamın həyatı sadəcə bir əsgərin deyil, bir qəhrəmanın, bir idealın hekayəsidir. Çəkilişlər zamanı onun uşaqlıq dostları, ailə üzvləri və döyüş yoldaşları ilə görüşmək həm ağır, həm də qürurlu idi. Biz çalışdıq ki, tamaşaçı yalnız bir film yox, bir vətənpərvərlik dərsi izləsin”.
Ardınca şəhid İntiqam İsmayılovun xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmin sonunda şəhidin valideynləri – İlqar və İlhamə İsmayılovlar oğlu haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, İntiqam İlqar oğlu İsmayılov 24 dekabr 1996-cı ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub. Xanabad kənd tam orta məktəbində təhsil alıb, boks idman növü ilə məşğul olub. Azərbaycan Ordusunun əsgəri kimi 27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsində Murovdağ, Xocavənd və Şuşa istiqamətlərində döyüşüb, 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib.
İntiqam İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu tədbir bir daha göstərdi ki, Mingəçevir Dövlət Universitetində şəhidlərin xatirəsi daim uca tutulur, onların mübarizə yolu gənc nəsil üçün vətənpərvərlik nümunəsi kimi yaşadılır.



