MDU-nun tələbələri çempionatda 9 qızıl medal qazanıblar
Dekabrın 21-də Mingəçevir şəhərində keçirilən ağırlıqqaldırma üzrə Mingəçevir çempionatında Mingəçevir Dövlət Universitetinin tələbələri uğurlu nəticələr əldə ediblər.
MDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, çempionatda universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə hazırlanan tələbələr iştirak ediblər. Yarışa hazırlıq prosesi Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksinin müəllimi Mehman Baxışovun rəhbərliyi ilə həyata keçirilib.
Tələbələr çempionatda Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adını təmsil edərək çıxış ediblər.
Çempionatın yekun nəticələrinə əsasən, MDU-nun tələbələri ağırlıqqaldırma, turnik, paralel qollar, krossfit üzrə müxtəlif çəki dərəcələri üzrə ümumilikdə 9 qızıl və 2 gümüş medal qazanaraq yüksək idman hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Çempionatı uğurla başa vuran tələbələr medal və diploma təltif olunublar.


