Məktəb bazarlığı neçəyə başa gəlir?

1 Sentyabr, 2025 - 09:31
Məktəb bazarlığı neçəyə başa gəlir?
Məktəb bazarlığı neçəyə başa gəlir?

Yeni dərs ili yaxınlaşdıqca valideynlər məktəbli formaları və ləvazimatlarının axtarışına çıxırlar. Qiymətlər, seçim imkanları və keyfiyyət məsələsi isə hər il olduğu kimi bu dəfə də müzakirə mövzusudur.

Mağazalara və bazarlara üz tutan valideynlərin üzündə qayğı, alınacaqların xərci aydın görünür. Uşaqlar isə sevinclə çantaları kürəyinə taxıb özlərini gələcək dərs günündə təsəvvür edirlər. Kimisi seçimini özü edir, kimisi isə qərarı valideyninə həvalə edir.

“Mənim üçün həm keyfiyyət, həm görünüş önəmlidir” 

Valideynlərin fikirləri müxtəlifdir. Ətrafdakı satış dükanlarını gəzdikcə bir valideynin iki övladı üçün çanta aldığını müşahidə edirik. Məryəm Qaflanova deyir ki, iki övladı üçün məktəb xərcləri 250-300 manat civarındadır:

“Qiymətlərdə böyük fərq yoxdur, müəyyən artım hiss olunub, amma çox deyil. Mənim üçün həm keyfiyyət, həm görünüş önəmlidir. Çantanı endirimlə 28 manata almışam. İldə iki dəfə alıram, amma bu, məcburiyyətdən deyil, uşaqların ürəyi istədiyi üçündür. Bir uşağa geyim 75 manata başa gəlir, amma bəzən dəbli dükanlardan alınanda 100-200 manat olur. Evdə bir nəfər işləsə, bunları ala bilməz. Keçən ildən qalan 3-4 çanta da var evdə, amma yenə alıram ki, uşaqlar sevinsinlər. Həm də onlara yaxşı oxuduqlarına görə motivasıyadır”.

“İki il əvvəl qiymətlər daha baha idi, indi isə bir az ucuz gəldi”

Valideyn İradə Hamit Özbəkistandan gəlib və uşaqlarını Azərbaycanda məktəbə qoyub. O, ilk alış-verişini edib, cəmi 100 manat xərcləyib: 

“İki il əvvəl qiymətlər daha baha idi, indi isə bir az ucuz gəldi. Hələ tam almamışam, amma ümumi xərclər təxminən 300 manat olacaq. Əsas odur ki, məhsullar keyfiyyətli olsun və gələn il də qala bilsin. Qızım kukla şəkilli, oğlum isə maşın şəkilli çantaları seçir. İki uşaq üçün xərclər tək uşağa görə daha çoxdur”.

“Çeşid çoxdur və seçim imkanları genişdir”

Uşağına köynək seçən valideyn Amaliya Seyidcamalovaya yaxınlaşırıq. O isə bu il məktəbli formalarının ötən ilə nisbətən ucuz olduğunu vurğulayır: “Ötən il bir köynəyi 15 manata almışdım, indi 9 manata aldım. Amma keyfiyyət eyni qalır. Qızım 4-cü sinfə gedir, ümumi xərclərimiz təxminən 150 manata başa gələcək. Çantamızı 16 manata aldıq. Burada çeşid çoxdur və seçim imkanları genişdir”.

Bəs satıcılar nə deyirlər?...

“Məhsullar Türkiyə istehsalıdır, pambıq tərkiblidir və rahat yuyula bilir”

Satıcıların da mövqeyi müxtəlifdir. Lamiyə Nəcəfli deyir ki, iyulun ortalarından məktəbli geyimləri vitrindədir və satışlar stabil davam edir: 

“Müştərilər məhsullarımızın keyfiyyətinə görə bizi seçir. Məhsullar Türkiyə istehsalıdır, pambıq tərkiblidir və rahat yuyula bilir. Köynəklərdə 20%, şalvarlarda 15% endirim tətbiq olunur. Ayaqqabılar 59-dan 50 manata düşüb, çantalar 40-50 manatdır. Bütün yaşlar və ölçülər üzrə formalar mövcuddur. Müştəri 14 gün ərzində, etiket pozulmamış halda məhsulu qaytara və ya dəyişdirə bilər”.

“Valideynlər əsasən keyfiyyətə diqqət yetirirlər”

Satıcı Xalid Tağıyev isə əsas alıcı axınının sentyabrın 5-15-i aralığında olduğunu bildirir: “Valideynlər əsasən keyfiyyətə diqqət yetirirlər. Çantalar 12 manatdan başlayır, 40 manata qədərdir. Eyni çantalar şəhərin mərkəzində 70-80 manata satılır, burada isə qiymətlər münasibdir”.

“Bu il satış durğunluq göstərir, ötən illər daha çox alıcı gəlirdi”

Satıcı Eldəniz Ovçuyev isə satışların əvvəlki illərlə müqayisədə zəif olduğunu deyir: “Bu il satış durğunluq göstərir, ötən illər daha çox alıcı gəlirdi. Qiymətlərdə endirim var.  Bizdə  həm yerli,  həm  də idxal məhsulları - Türkiyə və Çindən gələn mallar var. Koftalar 5 manatdan başlayır, amma  bu,  maya  dəyərindən  aşağıdır, sadəcə çox gətirildiyinə görə anbarda qalıb. Son iki ildə satışlarda zəiflik var və valideynlər daha çox idxal mallarına üstünlük verirlər”.

“Futbol şəkilli çantalar xoşuma gəlir, amma anam daha rahat olanını seçdi”

Uşaqların sevinci isə bütün bu müzakirələrdən daha parlaq görünür. 220 nömrəli məktəbin 6-cı sinif şagirdi Emin Qaflanov deyir: “Bu il çantamı özüm seçdim. Futbol şəkilli çantalar xoşuma gəlir, amma anam daha rahat olanını seçdi. İçində çoxlu bölmələr var, kitabları ayrı qoya bilirəm. Sinif yoldaşlarımı görmək üçün səbirsizlənirəm. Yeni geyimdə məktəbə getmək də mənim üçün maraqlıdır, özümü böyük oğlan kimi hiss edirəm”.

İlk dəfə məktəbə gedən 279 nömrəli məktəbin 1-ci sinif şagirdi Emil Quliyev isə həyəcanını belə ifadə edir: “Çantam göy və qırmızı rəngdədir. İçində yeni dəftərlərim var. Forma isə hələ alınmayıb. Müəllimimlə tanış olmamışam, sinif yoldaşlarımı görmək istəyirəm. Çantamdakı kiçik cib və su qabını çox sevirəm. Məktəbdə yeni dostlar, oyunlar və dərslər məni gözləyir”.

“Hazırda məktəbli formaları minimal qiymətlərlə satışa çıxarılıb”

Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov bildirir ki, iyulun 1-dən etibarən məktəbli geyimlərinin qiymətlərində ciddi endirimlər edilib: “Qısaqollu köynəklər 12 manatdan 8 manata, uzunqollu köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, bütün jaketlər isə 30 manatdan 20 manata endirilib. Hazırda məktəbli formaları minimal qiymətlərlə satışa çıxarılıb. Bunun əsas səbəbi bazarda keyfiyyətsiz, sertifikatsız və mənşəyi məlum olmayan məhsulların ucuz qiymətə satılmasıdır”.

Onun sözlərinə görə, valideynlər çox vaxt ucuz məhsullara üstünlük verirlər, lakin belə geyimlər uşaqlarda allergiya və dəri xəstəliklərinə səbəb ola bilər: “Bakı Tikiş Evi isə yüksəkkeyfiyyətli və təhlükəsiz məhsullar təqdim edir. Polo köynəklər 100 faiz pambıqdan hazırlanır və material Özbəkistandan gətirilir. Şalvar və ətəklərin parçası isə 60 faiz yun, 40 faiz poliesterdən ibarətdir və Belarusla Türkiyədən gətirilir. Fabrik istehsalı olan bu geyimlər sertifikatlıdır, deformasiya olmur, rəngi solmur, parça dartılmır və ən əsası, bir il zəmanətlə satılır”.

E.Əzimov valideynlərə müraciət edərək tövsiyə edir ki, təsadüfi yerlərdən - küçədən, bazardan və ya avtobus dayanacağından forma almasınlar. Vacib olan yalnız Bakı Tikiş Evindən deyil, ümumiyyətlə fabrik istehsalı, sertifikatlı və təbii materialdan olan məhsulların seçilməsidir.

Hazırda Bakı Tikiş Evində təxminən 100 min məktəbli forması satışdadır və ehtiyac olduqca yeni geyimlər tikilərək satışa çıxarılır. Şöbə müdiri bildirir ki, heç bir alıcı əliboş qayıtmır, çünki ölçü tükənən kimi dərhal yenisi hazırlanır.

Foto: Kənan QAFAROV