Məktəb və şagirdlərin PISA-ya necə seçildiyi AÇIQLANDI
"PISA beynəlxalq qiymətləndirməsində iştirak edəcək məktəb və şagirdlər Azərbaycan tərəfindən seçilmir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan bütün məktəblər barədə məlumatları beynəlxalq qiymətləndirmənin qərargahına təqdim edir və məktəblər həmin məlumatlar əsasında beynəlxalq qurum tərəfindən seçilir.
"Bizim belə bir seçim imkanımız yoxdur. Bütün məktəblərin məlumatlarını təqdim edirik, onların öz statistik seçim metodları var və iştirak edəcək məktəbləri onlar müəyyənləşdirirlər.
Şagirdləri də biz seçmirik. Hər məktəbdən iştirak edəcək şagirdlərin adsız, kodlaşdırılmış məlumatlarını sistemə təqdim edirik. Daha sonra həmin kodlar əsasında bizə siyahı göndərilir və qiymətləndirmədə hansı şagirdlərin iştirak edəcəyi müəyyən olunur".
E.Əliyev bildirib ki, PISA reytinq yarışı olmadığı üçün yalnız yüksək nəticə göstərəcək şagirdlərin seçilməsi mümkün deyil. Şagirdlər təsadüfi seçim əsasında müəyyənləşdirilir:
"Nəticələrin etibarlı hesab olunması üçün seçilmiş şagirdlərin ən azı 85 faizi qiymətləndirmədə iştirak etməlidir. Azərbaycanda isə iştirak göstəricisi adətən 95 faizdən yuxarı olur. Ölkənin nəticələrinin etibarlı olması üçün ən azı 85 faiz şagirdin iştirak etməsi tələb olunur. Azərbaycanda bu göstərici 95 faizdən yuxarıdır və kifayət qədər yüksəkdir".
Müşavir vurğulayıb ki, PISA-nın, o cümlədən OECD-nin beynəlxalq qiymətləndirmə platformasının işinə müdaxilə edilməsi mümkün deyil:
"Şagirdlər qiymətləndirmədə həmin platforma üzərindən iştirak edir, nəticələr isə imtahan başa çatdıqdan sonra mərkəzi məlumat sisteminə ötürülür".




