Məktəbdə vahid geyim mədəniyyəti bərabərliyin və intizamın qorunmasına xidmət edir - Mirzə Cəfərzadə
Son günlər cəmiyyətdə və sosial şəbəkələrdə ümumtəhsil məktəblərində şagirdlərin məktəbli formasına, müəllimlərin isə peşəkar geyim tələblərinə riayət etməsi məsələsi geniş müzakirə olunur.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi” nə danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Mirzə Cəfərzadə qeyd edib ki, məktəbdə geyim məsələsi təhsil mühitinin təşkili, sosial bərabərliyin qorunması və məktəbdaxili intizamın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, məktəbli forması və müəllimlərin geyim standartları ilə bağlı müəyyən edilmiş tələblərin əsas məqsədi təhsil prosesinin daha nizamlı təşkili, məktəbdə vahid yanaşmanın formalaşdırılması və diqqətin zahiri görünüşdən daha çox bilik və bacarıqların inkişafına yönəldilməsidir: “Ümumtəhsil məktəbi hər bir şagirdin özünü bərabərhüquqlu hiss etdiyi, bilik və bacarıqlarını inkişaf etdirdiyi bir mühit olmalıdır. Şagirdlərin vahid məktəbli formasında olması onların ailələrinin maddi imkanlarından irəli gələn fərqlərin məktəb mühitində qabardılmasının qarşısını almağa kömək edir. Bu zaman əsas diqqət uşağın geyiminə deyil, onun dərslərinə, davranışına, nailiyyətlərinə və şəxsi inkişafına yönəlir. Buna görə də məktəbli formasına riayət olunmasını yalnız geyim tələbi kimi deyil, eyni zamanda bərabərliyin və məktəb mədəniyyətinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır”, – deyə o bildirib.
Mirzə Cəfərzadə məktəbdə müəyyən edilmiş qaydaların bütün şagirdlərə eyni və ədalətli prinsiplərlə tətbiq olunmalı olduğunu söyləyib. Onun fikrincə, qaydaların hamı üçün aydın olması həm məktəb rəhbərliyinin fəaliyyətini asanlaşdırır, həm də şagirdlərdə məsuliyyət hissinin formalaşmasına kömək edir: “Əgər məktəbdə vahid geyim tələbləri müəyyən edilibsə, bu qaydaların tətbiqində ayrı-seçkiliyə yol verilməməlidir. Eyni zamanda, müəyyən edilmiş tələblərə əməl etmək hər bir təhsilalanın məktəbin ümumi qaydalarına hörmətinin göstəricisidir. Burada məqsəd kimisə fərqləndirmək deyil, bütün şagirdlər üçün ortaq və sağlam təhsil mühiti yaratmaqdır”.
Həmsöhbətimiz müəllimlərin geyim məsələsinə də xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, təhsilverənlərin səliqəli və işgüzar geyimi təhsil mühitində formalaşan ümumi mədəniyyətə müsbət təsir göstərir: “Müəllim şagirdlər üçün yalnız bilik mənbəyi deyil, həm də davranış və məsuliyyət nümunəsidir. Pedaqoji işçinin öz fəaliyyəti ilə yanaşı, ünsiyyətinə, davranışına və xarici görünüşünə diqqət yetirməsi peşəsinə olan hörmətin ifadəsidir”.
Mirzə Cəfərzadə məktəbdə dünyəvilik prinsipinə münasibət bildirərkən qeyd edib ki, təhsil müəssisəsində ümumi qaydaların mövcudluğu ilə şəxsin dini etiqad azadlığı məsələlərinə hüquqi çərçivədə yanaşılmalıdır: “Dünyəvi təhsil prinsipi məktəbdə tədrisin qanunvericiliyə uyğun təşkilini, bütün şagirdlərə bərabər münasibət göstərilməsini tələb edir. Geyim qaydaları müzakirə edilərkən məsələni dini qarşıdurma müstəvisinə keçirmək düzgün deyil. Əsas qüvvədə olan hüquqi normaları düzgün izah etmək, məktəbin müəyyən edilmiş tələblərinə əməl olunmasını təmin etməklə yanaşı,həm də təhsil mühitinin xüsusiyyətlərinin nəzərə alınmasıdır”.
İctimai Şuranın üzvü valideynlərin də bu prosesə həssaslıq və anlayışla yanaşmalarının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məktəb və ailə arasında əməkdaşlıq olduqda uşaqlarda intizam, məsuliyyət və ümumi qaydalara hörmət kimi keyfiyyətlərin formalaşdırılması daha səmərəli olur: “Valideynlər məktəbdə tətbiq olunan qaydaların məqsədini uşaqlara izah etməli, onları bu qaydalara məsuliyyətlə yanaşmağa təşviq etməlidirlər: “Hər hansı anlaşılmazlıq qarşıdurma yolu ilə deyil, dialoq və qanunvericiliyin tələbləri əsasında həll olunmalıdır”.
Müsahibimiz vurğulayıb ki, məktəbdə vahid geyim mədəniyyətinin formalaşdırılması təhsilin keyfiyyətindən, müəllimin nüfuzundan və şagirdin hüquqlarından ayrı nəzərdən keçirilməməlidir. Məqsəd yalnız müəyyən geyim formasına riayət edilməsinə nail olmaq deyil, eyni zamanda hər bir şagirdin özünü təhlükəsiz, bərabərhüquqlu və təhsilə bağlı hiss etdiyi, müəllimlərin isə peşəkar fəaliyyətlərini layiqli şəraitdə həyata keçirdikləri mühit yaratmaqdır.
Mirzə Cəfərzadənin sözlərinə görə, qəbul olunmuş qaydalar, vahid geyim mədəniyyəti, hüquqi normalara hörmət, məktəb və ailə arasında əməkdaşlıq bir-birini tamamlayan amillərdir. Bu amillər uzlaşdırıldıqda təhsil müəssisəsində nizam-intizamın qorunması ilə yanaşı, şagirdlərin fərdi inkişafı, müəllimlərin peşəkar nüfuzu və bütün iştirakçılar üçün sağlam təhsil mühitinin yaradılması istiqamətində daha səmərəli nəticələr əldə etmək mümkündür.




