Məktəblərdə yeni qiymətləndirmə modeli sınaqdan keçirilir: Nələr dəyişəcək?
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən tətbiqinə başlanılan yeni məktəbdaxili qiymətləndirmə modeli məktəblərdə qiymətləndirmə prosesinin məzmununu və icra mexanizmlərini yenidən formalaşdırır. Modelin tətbiqi üzrə aparılan tədqiqat çərçivəsində ümumi təhsil müəssisələrində qiymətləndirmənin real icra vəziyyəti araşdırılır, formativ və summativ qiymətləndirmənin dərs prosesində necə həyata keçirildiyi yerində müşahidə olunur.
Təhsil İnstitutunun Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva “Azərbaycan müəllimi”nə açıqlamasında yeni qiymətləndirmə modeli haqqında məlumat verib.
Şöbə müdiri bildirib ki, yeni məktəbdaxili qiymətləndirmə modelinin əsas mahiyyəti qiymətləndirməni yalnız yekun nəticəni ölçən vasitə kimi deyil, tədrisin keyfiyyətini yüksəldən və şagird inkişafını davamlı izləyən sistemli mexanizm kimi qurmaqdan ibarətdir: “Model diaqnostik, formativ və summativ qiymətləndirməni vahid məntiqdə birləşdirərək onların tədris prosesinə real təsirini təmin edir.
Modelin hazırlanmasına əsas ehtiyac əvvəlki sistemdə qiymətləndirmənin, əsasən, summativ nəticələrə yönəlməsi, diaqnostik və formativ qiymətləndirmənin isə tədrisin planlaşdırılmasında və fərdi dəstəyin qurulmasında yetərincə istifadə olunmaması ilə bağlı olub. Yeni yanaşma qiymətləndirməni məktəbin inkişafını istiqamətləndirən idarəedici alət kimi təqdim edir.
Model mərhələli şəkildə tətbiq olunur. İlkin mərhələdə müasir metodik xidmət həyata keçirilən 10 məktəbdə birbaşa müdaxilə aparılmadan qiymətləndirmənin real vəziyyəti müşahidə edilir, mövcud çətinliklər və ehtiyaclar araşdırılır. Növbəti mərhələdə isə bu müşahidələrə əsaslanaraq yeni modeldən irəli gələn metodiki və pedaqoji tədbirlərin tətbiqi nəzərdə tutulur və pilot məktəblərin sayı genişləndirilir”.
İ.Tağıyevanın sözlərinə görə, yeni modelin əsas fərqi ondan ibarətdir ki, qiymətləndirmə artıq ayrı-ayrı müəllim təşəbbüsü səviyyəsindən çıxarılaraq məktəb səviyyəsində koordinasiya olunan sistem kimi təşkil edilir: “Yeni model bir neçə əsas komponenti özündə ehtiva edir: məktəbəsaslı mərkəzləşdirilmiş diaqnostik qiymətləndirmə, rəyəsaslı formativ qiymətləndirmə, meyar və rubriklərə əsaslanan summativ qiymətləndirmə, nəticələrin sistemli təhlili və hesabatlılıq mexanizmi.
Nəticələr formal hesabat deyil, tədrisin və məktəbin inkişaf qərarlarının əsaslandırılmasında istifadə olunan məlumat mənbəyinə çevrilir.
Əvvəlki qiymətləndirmə sistemində müşahidə olunan bir sıra problemlər bu yeni modelin yaranmasını zəruri edib. Bu problemlərə nümunə kimi summativ qiymətləndirmənin üstünlük təşkil etməsi və formativ qiymətləndirmənin çox vaxt formal xarakter daşımasını söyləyə bilərik. Həmçinin diaqnostik qiymətləndirmə nəticələrinin tədris planlamasında zəif istifadəsi və qiymətləndirmənin şagirdin fərdi inkişafını sistemli izləməməsi yeni qiymətləndirmə sisteminin yaranmasını şərtləndirib.
Bu problemlər qiymətləndirmənin təlim keyfiyyətinə real təsirini məhdudlaşdırıb və daha proses yönümlü, inkişafetdirici yanaşmanın zəruriliyini ortaya çıxarıb”.
Pilot layihə çərçivəsində məktəblərdə aparılan müşahidələrin nəticəsi haqqında da məlumat verən şöbə müdiri söyləyib ki, bəzi məktəblərdə rəy əsaslı formativ qiymətləndirmə məqsədəuyğun tətbiq olunur: “Bununla yanaşı, bir sıra hallarda formativ qiymətləndirmənin sistemli və ardıcıl tətbiqinə ehtiyac olduğu da müşahidə edilib. Bu müşahidələr növbəti mərhələdə metodiki dəstəyin daha dəqiq planlaşdırılmasına və müəllimlərin məqsədli şəkildə dəstəklənməsinə imkan yaradır.
Yeni modeldə müəllim yalnız nəticəni qiymətləndirən deyil, şagirdin öyrənmə prosesini izləyən və istiqamətləndirən əsas tərəf kimi çıxış edir. Müəllimlər aydın meyarlar əsasında şagirdlərə konstruktiv rəy verir, əldə olunan nəticələrə uyğun tədris strategiyalarını tənzimləyir və şagirdin inkişaf dinamikasını sistemli şəkildə izləyirlər.
Bu yanaşma müəllimin peşəkar məsuliyyətini artırmaqla yanaşı, qiymətləndirməni tədrisin keyfiyyətini yüksəldən əsas vasitəyə çevirir”.
Həmçinin bildirilib ki, bu modelin ölkə üzrə tətbiqi və yeni 50 məktəb də qatılmaqla pilot məktəblərin sayının 60-a çatdırılması planlaşdırılır. Bu yanaşma modelin real məktəb ehtiyaclarına uyğunlaşdırılmasına və ölkə üzrə tətbiq üçün əsaslandırılmış qərarların qəbuluna imkan yaradacaq.



