Məktəblərin ştat cədvəllərində yeniliklər olacaq - Nazir
“XXI əsrin növbəti 10–15 ilində məktəbin necə olacağı sualı kifayət qədər çətin bir sualdır. İstər distant təhsil, istər məsafədən öyrənmə, istərsə də rəqəmsal resurslar və süni intellekt artıq qaçılmazdır”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, bu, fərqli strukturlar, güclü infrastruktur, ixtisaslaşmış heyət və müxtəlif bacarıqlara malik insanların olmasını tələb edir:
“Məncə, məktəblərə bu gün ən vacib, amma mövcud olmayan İT, yəni informasiya texnologiyaları üzrə mütəxəssis ştatıdır. Ənənəvi məktəblərdə bu istiqamət tam şəkildə mövcud deyil. Məktəblərin ştat cədvəlləri əvvəlki dövrlərdə hazırlandığı üçün biz onları dəyişməyə çalışırıq və bu mənada yəqin ki, yaxın zamanda yeniliklər olacaq. Əvvəlki sualda da qeyd etdiyim kimi, istər məzmunun yenilənməsi, istər ayrı-ayrı fənlərin təşkili, istərsə də müəllim keyfiyyətinin təmin edilməsi yeni dövrün tələblərinə uyğunlaşmaq baxımından vacibdir. Lakin yeni dövrə hazır, dəyərli xüsusiyyətlərə malik, xüsusilə milli kimlik xüsusiyyətlərini qoruyan nəsil yetişdirmək daha çətin və daha məsuliyyətli bir prosesdir. Bu baxımdan 21-ci əsrin məktəbi üçün əsas prioritetlərimiz məhz bunlar olmalıdır”.




