Məktəblərin yeni mexanizmlə maliyyələşməsi nələri dəyişəcək?

25 Sentyabr, 2026 - 13:07
Məktəblərin yeni mexanizmlə maliyyələşməsi nələri dəyişəcək?

Prezident İlham Əliyevin Fərmanına əsasən, dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi 2026–2027-ci tədris ilindən mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək. Yeni mexanizm çərçivəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin müəssisələrin növləri və ümumi təhsilin ayrı-ayrı səviyyələri nəzərə alınmaqla müəyyənləşdirilməsi nəzərdə tutulur.

Yeni maliyyələşdirmə mexanizminin məktəblərin imkanlarına və tədris prosesinin təşkilinə təsirini dəyərləndirən təhsil məsələləri üzrə mütəxəssis Rasim Həsənzadə “Azərbaycan müəllimi”nə bildirib ki, dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə modelinin tətbiqi məktəblərin maliyyələşdirilməsində daha çevik və ehtiyaclara əsaslanan yanaşmanın formalaşması baxımından mühüm addımdır.

“Maliyyələşmədə şagird sayı daha konkret şəkildə nəzərə alınır”

Onun sözlərinə görə, burada əsas məsələ yalnız məktəblərə əlavə maliyyə vəsaitinin ayrılması deyil, maliyyə resurslarının məktəbdəki real təhsil ehtiyacları ilə daha sıx əlaqələndirilməsidir:

“Adambaşına maliyyələşdirmə modelinin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, məktəbin maliyyələşməsində təhsilalanların sayı daha konkret şəkildə nəzərə alınır. Bu isə məktəblərin öz ehtiyaclarını daha düzgün planlaşdırmasına, resurslardan səmərəli istifadə etməsinə və müəyyən hallarda təhsil prosesinin təşkilində daha çevik qərarlar qəbul etməsinə imkan yarada bilər. Lakin bu modelin uğuru yalnız maliyyənin şagird sayına görə hesablanmasından asılı deyil. Məktəblər arasında yerləşmə, infrastruktur, təhsilalanların sosial xüsusiyyətləri və digər fərqlər də nəzərə alınmalıdır”.

Mütəxəssisin fikrincə, əgər bir məktəbin maliyyələşməsi təhsilalanların sayı, məktəbin növü, təhsil səviyyəsi və həmin səviyyənin tələb etdiyi resurslar nəzərə alınmaqla müəyyənləşdirilirsə, bu, məktəblərin maliyyə planlaşdırmasını daha əsaslandırılmış şəkildə aparmasına imkan verə bilər.

“Ümumi təhsil məktəbi ilə lisey, gimnaziyaların ehtiyaclarını eyni qiymətləndirmək hər zaman doğru nəticə vermir”

O qeyd edib ki, məktəblərin növlərinə uyğun maliyyələşmə normativlərinin müəyyənləşdirilməsi də müsbət imkan yaradır. Çünki adi ümumi təhsil məktəbi ilə lisey, gimnaziya və ya xüsusi təhsil ehtiyacları olan təhsilalanlarla işləyən müəssisənin resurs ehtiyaclarını eyni maliyyə çərçivəsində qiymətləndirmək hər zaman doğru nəticə verməyə bilər:

“Nümunə olaraq, lisey və gimnaziyalarda daha dərinləşdirilmiş fənn hazırlığı, laboratoriya və İKT imkanları, olimpiada və layihə fəaliyyətləri kimi əlavə komponentlər maliyyə planlaşdırılmasında nəzərə alına bilər”.

“Məktəblərin öz təhsil profilinə uyğun inkişafı üçün daha real imkan yaranacaq”

R.Həsənzadə bildirib ki, fərmanda hər bir təhsilalana düşən illik təhsil xərclərinə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiqinin nəzərdə tutulması da əhəmiyyətli məqamlardan biridir.

“Bütün təhsil səviyyələrinin xərc strukturu eyni deyil. Məsələn, ibtidai təhsillə yuxarı siniflərdə tədrisin təşkili, laboratoriya və texniki avadanlıqlara ehtiyac, peşəyönümü və digər təhsil imkanları baxımından fərqli tələblər mövcuddur. Əmsalların düzgün müəyyənləşdirilməsi bu fərqlərin maliyyələşmədə nəzərə alınmasına imkan verə bilər”.

R.Həsənzadə əlavə edib ki, artım əmsallarının tətbiqi də müxtəlif təhsil səviyyələri və məktəb növləri arasında mövcud resurs fərqlərinin nəzərə alınmasına xidmət edə bilər:

“Xüsusilə lisey və gimnaziyalar kimi daha ixtisaslaşmış tədris mühitinə malik müəssisələrdə laboratoriya, rəqəmsal resurslar, əlavə akademik proqramlar, olimpiada və layihə hazırlığı kimi fəaliyyətlər əlavə maliyyə tələb edə bilər. Əgər bu xüsusiyyətlər maliyyələşmə formulunda nəzərə alınarsa, məktəblərin öz təhsil profilinə uyğun inkişaf etməsi üçün daha real imkan yaranar”.

““Bu vəsait məktəbdə hansı nəticəni yaratdı?” sualına cavab verən mexanizmlər formalaşdırılmalıdır”

Mütəxəssisin fikrincə, maliyyələşmənin yalnız cari xərclərin qarşılanmasına deyil, təhsilin keyfiyyətinə təsir edən investisiyalara da yönəldilməsi vacibdir:

“Əlavə resurslar müəllimlərin peşəkar inkişafı, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi, laboratoriyaların və kitabxanaların yenilənməsi, tədris resurslarının zənginləşdirilməsi və şagirdlərin fərdi inkişafına yönəlmiş proqramların həyata keçirilməsi üçün istifadə oluna bilər”.

Tədqiqatçı hesab edir ki, sistemin effektivliyi yalnız ayrılan vəsaitin həcmi ilə ölçülməməlidir. Əsas məsələ həmin vəsaitin məktəbdə hansı nəticələri yaratmasıdır. Məsələn, əlavə maliyyə ayrılıbsa, bunun nəticəsində müəllimlərin peşəkar inkişaf göstəricilərində, şagirdlərin akademik nəticələrində, tədris resurslarının keyfiyyətində və məktəbin təhsil mühitində hansı dəyişikliklərin baş verdiyi izlənilməlidir. Bu baxımdan maliyyələşmə mexanizmi ilə keyfiyyət təminatı və monitorinq mexanizmləri arasında əlaqənin qurulması xüsusi əhəmiyyət daşıyır.
Bundan başqa, maliyyə resursunun necə bölüşdürülməsi, məktəb rəhbərliyinin bu resursdan istifadə imkanları, şəffaflıq, hesabatlılıq və nəticələrin monitorinqi də maliyyənin həcmi qədər əhəmiyyətlidir:

“Bu baxımdan yeni modelin növbəti mərhələsində yalnız “bir şagird üçün nə qədər vəsait ayrılır?” sualına deyil, “bu vəsait məktəbdə hansı nəticəni yaratdı?” sualına da cavab verən qiymətləndirmə mexanizmlərinin formalaşdırılması faydalı olardı. Yəni maliyyələşmə ilə keyfiyyət təminatı arasında daha güclü əlaqə qurulmalıdır”.

Mütəxəssis vurğulayıb ki, əlavə maliyyə imkanları məktəblərə yalnız cari xərcləri qarşılamaq deyil, eyni zamanda tədris mühitinin inkişaf etdirilməsi üçün də daha geniş imkanlar yarada bilər:

“Müəllimlərin peşəkar inkişafına investisiya qoyulması, müasir tədris resurslarının əldə edilməsi, laboratoriya və İKT infrastrukturunun yenilənməsi, kitabxana fondlarının zənginləşdirilməsi, şagirdlərin olimpiada, layihə, tədqiqat və digər inkişafyönümlü fəaliyyətlərə cəlb olunması bu imkanlara nümunə ola bilər. Beləliklə, maliyyələşmə mexanizmi ilə təhsilin keyfiyyəti arasında birbaşa əlaqənin qurulması mümkün olur”.

“Yeni modelin uğuru üç əsas istiqamətdən asılı olacaq”

R.Həsənzadə məktəblər arasında mövcud fərqlərin nəzərə alınmasının da vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yalnız şagird sayına əsaslanan mexanizm müəyyən hallarda kiçik kənd məktəbləri ilə böyük şəhər məktəbləri arasında maliyyələşmə baxımından fərqli nəticələr yarada bilər:

“Halbuki azsaylı şagirdi olan məktəbin də müəllim, bina, kommunal xidmət, təhlükəsizlik və digər sabit xərcləri mövcuddur. Buna görə də adambaşına maliyyələşdirmə modelin yanında məktəblərin xüsusi və sabit xərclərini nəzərə alan tamamlayıcı mexanizmlərin də olması vacibdir”.

Mütəxəssis sonda onu da qeyd edib ki, yeni modelin uğuru üç əsas istiqamətdən asılı olacaq:

“Birincisi, maliyyənin məktəbin real ehtiyaclarına uyğun müəyyənləşdirilməsi, ikincisi, ayrılan vəsaitin müəllim, şagird və tədris mühitinin inkişafına yönəldilməsi, üçüncüsü isə bu vəsaitin nəticələrinin şəffaf şəkildə izlənilməsidir. Əgər bu üç istiqamət arasında düzgün əlaqə qurularsa, adambaşına maliyyələşdirmə sadəcə yeni büdcə mexanizmi olaraq qalmayıb, məktəblərin inkişafını və təhsilin keyfiyyətinin yüksəldilməsini dəstəkləyən daha sistemli idarəetmə alətinə çevrilə bilər”.