Məktəbli forması sadəcə geyim deyil, məktəb mədəniyyətinin bir hissəsidir
“Geyim insanın xarici görünüşünü formalaşdırmaqla yanaşı, onun müəyyən mühitə münasibətini də ifadə edir.Xüsusilə məktəb şəraitində geyimə yalnız estetik seçim kimi deyil, həm də tərbiyəvi və pedaqoji amil kimi yanaşmaq lazımdır. Çünki məktəb şagirdə yalnız bilik vermir, eyni zamanda məsuliyyət, nizam-intizam və davranış mədəniyyəti aşılayır”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İdarə Heyətinin üzvü, İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyinin direktor müavini Ülvi Osmanlı bildirib.
Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin qorunmasına, məktəbə mənsubiyyət hissinin güclənməsinə və məsuliyyətli davranış vərdişlərinin formalaşmasına xidmət edir:
“Səliqəli və müəyyən edilmiş qaydalara uyğun geyinmək uşaqlarda özünəqulluq və məsuliyyət vərdişlərinin formalaşmasına da kömək edir. Məktəbdə əsas diqqət şagirdin geyiminə deyil, biliyinə, bacarığına və şəxsiyyət kimi inkişafına yönəlməlidir. Bununla belə, geyim mədəniyyəti də məktəb intizamının vacib elementlərindən biridir”.
Ü.Osmanlı qeyd edib ki, məktəbli forması ilə bağlı ümumi tələblərin yalnız hicab məsələsi ilə əlaqələndirilməsi qaydaların əsas mahiyyətinin düzgün anlaşılmasına mane ola bilər:
“Məktəbli forması ilə bağlı ümumi tələblərin yalnız hicab məsələsi ətrafında müzakirə olunması mövzunun mahiyyətini daraldır. Geyim qaydaları bütöv şəkildə nəzərdən keçirilməli, onların məqsədi və hüquqi əsasları düzgün izah edilməlidir.
Məktəbli forması ilə bağlı müzakirələr fonunda təhsil müəssisələrinə hücumlar, məktəb əmlakına ziyan vurulması, müəllimlərə qarşı təzyiq və təhdidlər də xüsusi diqqət tələb edən məsələlərdəndir. Bu cür halların qarşısının alınması həm müəllimlərin təhlükəsizliyi, həm də şagirdlərin təhsil hüququnun və məktəbdə sağlam pedaqoji mühitin qorunması baxımından vacibdir".
Ü.Osmanlı məktəb qaydalarının uşaqlara düzgün izah edilməsində valideynlərin və təhsil müəssisələrinin əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb:
“Bu məsələdə ailə və məktəb əməkdaşlığı mühüm rol oynayır. Yaranan anlaşılmazlıqlar qarşılıqlı hörmət və dialoq əsasında həll edilməli, uşaqlar böyüklərin fikir ayrılıqlarının mərkəzində qalmamalıdırlar”.
Direktor müavini məktəbli formasına yalnız geyim tələbi kimi deyil, şagirdlərin tərbiyəsi və məktəb mədəniyyətinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini də diqqətə çatdırıb:
“Unutmamalıyıq ki, məktəbli forması sadəcə geyim deyil, məktəb mədəniyyətinin bir hissəsidir. Əsas məqsədimiz zahiri vahidlik yaratmaqla yanaşı, şagirdlərdə məsuliyyət, bərabərlik və qarşılıqlı hörmət dəyərlərini formalaşdırmaqdır. Çünki sağlam təhsil mühiti həm qaydalara riayət, həm də hər bir uşağın ləyaqətinə hörmət üzərində qurulur”.




