Məktəblilər beynəlxalq fəlsəfə olimpiadasında qüvvəsini sınayacaqlar
Azərbaycan məktəbliləri beynəlxalq fəlsəfə olimpiadasında qüvvəsini sınayacaqlar.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycanda fəlsəfi düşüncənin və analitik təfəkkürün inkişafı istiqamətində yeni mərhələ başlayır. "Global Olympiad Center" (GOC) artıq "International Philosophy Olympiad" (IPO) təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi kimi fəaliyyət göstərəcək.
IPO – UNESCO və Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyası (FISP) tərəfindən tanınan beynəlxalq olimpiadadır. Yarış 1993-cü ildən etibarən hər il keçirilir və dünyanın 50-dən çox ölkəsindən məktəbliləri bir araya gətirir. Olimpiadanın əsas məqsədi gənclərdə tənqidi düşüncə, məntiqi təhlil və etik refleksiya bacarıqlarını inkişaf etdirməkdir.
"Global Olympiad Center"in rəsmi nümayəndə statusu çərçivəsində Azərbaycan komandasının seçimi, iştirakçıların hazırlanması və beynəlxalq mərhələdə təmsilçiliyi təşkil ediləcək. Mərkəzin məlumatına görə, bu əməkdaşlıq ölkədə fəlsəfə fənninə marağın artmasına, debat və müzakirə mədəniyyətinin inkişafına dəstək verəcək.
Azərbaycan məktəbliləri arasında keçiriləcək Milli Fəlsəfə Olimpiadası nəticəsində müəyyən olunacaq iki qalib şagird 2026-cı il 14-18 may tarixlərində Polşanın Varşava şəhərində keçiriləcək Beynəlxalq Fəlsəfə Olimpiadasında Azərbaycanı təmsil edəcək. Bu il tədbirə Polşa Təhsil Nazirliyi ev sahibliyi edir.
Əməkdaşlıqla bağlı əlavə məlumatlar və seçim turuna dair təfərrüatlar yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.



