Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır
“İxtisas seçimi gənclərin gələcək taleyində mühüm mərhələdir”.
“Azərbayan müəllimi” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərə videomüraciətində deyib.
“İlk növbədə düşünməlisiniz ki, dörd ildən sonra əmək bazarına ilk addımı atanda hansı ixtisasa sahib olacaqsınız. Hansı bilik və bacarıqlar sizə əmək bazarında öz yerinizi tutmaq imkanı verəcək? Ona görə də bugünkü seçiminizə çox məsuliyyətlə yanaşmalısınız. Bizim təqdim etdiyimiz məlumatlardan, “Abituriyent” jurnalından və statistik göstəricilərdən düzgün istifadə etməyi bacarmalısınız. Öz prioritetlərinizi düzgün müəyyənləşdirməli, ən doğru qərarı isə özünüz verməlisiniz”, – deyə o bildirib.
DİM sədri abituriyentləri seçim prosesində diqqətli olmağa və qərarlarını müstəqil şəkildə verməyə çağırıb: “Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır”.



