Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 İyul, 2025 - 12:30
Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 
Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

“Subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur. Sadəcə, məlumatlar ictimaiyyətlə paylaşılır ki, təhsilini davam etdirmək istəyənlər düşünərək daha məqsədyönlü qərarlar versinlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.

O bildirib ki, məsələyə iki mümkün yanaşma mövcuddur: “Subbakalavrların təhsil aldıqları orta ixtisas məktəblərində müasir və effektiv tədris metodları tətbiq edilməlidir. Bu zaman subbakalavrlar daha yaxşı bilik və vərdişlərə yiyələnə, ali təhsillərini uğurla davam edə bilərlər. Bu yanaşma onların imtahansız ali məktəbə qəbul imkanlarına da müsbət təsir göstərə bilər. Düşünürəm ki, bu yol daha vacib və perspektivlidir.

İkinci yanaşma isə odur ki, əgər mövcud sistem işləmirsə və ali məktəblər subbakalavr məzunlarını tədris prosesinə inteqrasiya etməkdə çətinlik çəkirsə, bu zaman qəbul qaydalarına yenidən baxılmalıdır və bəzi məhdudiyyətlər tətbiq edilə bilər. Hazırda bu istiqamətdə heç bir dəyişikliyin edilməsi nəzərdə tutulmur”.