Mənzil bazarında “tələbə mövsümü”: kirayə qiymətləri nə qədər bahalaşacaq?

14 Avqust, 2026 - 15:25
Mənzil bazarında “tələbə mövsümü”:

Yeni tədris ilinin başlamasına az müddətin  qalması tələbə və valideynlərin daha bir sosial qayğısını önə çıxarıb. Övladları Bakıda təhsil alan valideynlər artıq indidən kirayə mənzil axtarışına başlayıblar.

Mövzu ilə bağlı “Azərbacycan müəllimi”nə danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, tədris prosesinin başlamasına az müddətin qalması əmlak, xüsusilə də kirayə mənzil bazarında canlanma yaradan amillərdəndir:

“Məlum olduğu kimi, paytaxtın kirayə bazarının təxminən 20%-i tələbələr tərəfindən tutulur. Bu da daha çox bir sıra ali təhsil ocaqlarının yataqxanalarının yaşayış üçün normalara cavab verməməsi, həmin yataqxanalarda məcburi köçkünlərin qalması, bəzilərinin isə ümumiyyətlə, yataqxanalarının olmaması ilə bağlıdır. Özəl yataqxanalar da çox məhdud saydadır. Bu səbəbdən ən çox yükü götürən kirayə mənzil bazarıdır. Hər il müşahidə edirik ki, sentyabr ayında qiymətlərdə artım olur. Düzdür, bir neçə ay sonra stabilləşmə olsa da, bu dəyişiklik qiymətlərə təsir edir”.

Ekspert qeyd edib ki, tələbələrin yaşayış yeri ilə təminatındakı çətinliklər təkcə Bakıda deyil, Naxçıvanda da daşınmaz əmlak bazarına təsir edir:

“Burada yalnız Azərbaycanın regionlarından gedən yox, həmçinin xaricdən, xüsusilə də Türkiyə və İrandan gələn tələbələr də rol oynayır. Onlar da evlər kirayələməli olurlar ki, bu da qiymətlərə təsir göstərir. Hətta deyərdim ki, Naxçıvanın kirayə mənzil bazarında qiymətlər Bakıdan da daha yüksək olur. Bu gün artıq 1 otaqlı evlər 400-450, 2 otaqlılar 500-600, 3 otaqlılar isə 700 manatdan baha qiymətə kirayə verilir. Bu, daha çox köhnə tikili binaların mənzillərinə aiddir. Yeni tikililərdə isə bu qiymət kvadrat metrdən asılı olaraq dəyişir. Bu zaman evin bir kvadrat metri təxminən 8-10 manatdan baha olmaqla kirayə verilir”.

R.Qasımzadə qeyd edib ki, bu il də qiymətlərdə dəyişikliyin olacağı gözlənilir:

“Kirayə mənzil bazarında qiymətlər bir qədər artacaq. Bakı şəhərində köhnə mənzillərin sökülməsi, təbii ki, qiymətlərə də təsirsiz ötüşmür. Yeni mənzillərin qiymətləri isə köhnə mənzillərdən 40-50% daha yüksək təklif olunur”.