Metodistlər üçün vebinar keçirilib
Yanvarın 22-də Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məktəbdaxili metodistlər və aparıcı metodistlər üçün “Təlim strategiyaları: üsullar və texnikalar” mövzusunda vebinar formatında görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd metodistlərin peşəkar fəaliyyətində istifadə etdikləri təlim strategiyalarını dərinləşdirmək, müasir və effektiv üsul və texnikaların tətbiq imkanlarını müzakirə etmək olub.
Vebinar çərçivəsində təlim prosesində istifadə olunan müxtəlif üsul və texnikalar sistemli şəkildə təhlil edilib, onların məqsədi, tətbiq mexanizmi, dərsin məzmununa uyğun seçilməsi və şagirdlərin fəallığının artırılmasındakı rolu izah edilib. Hər bir üsul və texnikanın müsbət tərəfləri ilə yanaşı, tətbiqi zamanı qarşıya çıxan çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları da müzakirə olunub.
Eyni zamanda, görüş zamanı real dərs nümunələri və təcrübədən irəli gələn misallar əsasında məktəbdaxili və aparıcı metodistlərin metodik dəstək prosesində bu strategiyalardan necə daha səmərəli istifadə edə biləcəklərinə dair tövsiyələr verilib.
Vebinar qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib, iştirakçıların sualları cavablandırılıb və metodistlərin peşəkar inkişafına yönələn tətbiqi yanaşmalar ön plana çıxarılıb.



