Metro tikintisi tələbələrin dərslərinə təsir edəcəkmi? – Universitetlərin cavabları 

20 Avqust, 2026 - 12:57
Metro tikintisi tələbələrin dərslərinə təsir edəcəkmi?

Bakının əsas nəqliyyat arteriyalarından biri olan metrodan hər gün minlərlə tələbə universitetlərə gedib-gəlmək üçün istifadə edir. Lakin bu günlərdə “28 May” və “Nizami” stansiyaları arasında başlanılan tikinti işləri ilə əlaqədar 11 ay ərzində metroda bəzi məhdudiyyətlər tətbiq ediləcək.
Bu məhdudiyyətlərin paytaxt yollarında nəqliyyat sıxlığını artıracağı, bunun isə universitetlərə gedib-gələn tələbələr üçün əlavə çətinliklər yarada biləcəyi gözlənilir.

Bəs yaranan bu vəziyyət universitetlərdə tədris prosesinə necə təsir göstərə bilər? Dərslərin keçirilmə formasının müvəqqəti dəyişdirilməsi, hibrid və ya onlayn tədris imkanlarının genişləndirilməsi, eləcə də tələbələr üçün müəyyən güzəştlərin tətbiqi gündəmə gələ bilərmi?

“Azərbaycan müəllimi” mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, AzTU-da dərslərin başlanma saatında heç bir dəyişiklik edilməyib:
“Yaxın həftələrdə hər hansı qərar verilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Bakı Dövlət Universitetindən qeyd edilib ki, BDU-da məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən verilən qərarlar icra olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetindən qeyd edilib ki, UNEC-də tədrisdə dəyişiklik nəzərdə tutulmayıb.

Azərbaycan Dövlət Peqadoji Universitetindən verilən məlumata görə, ADPU-da hazırda bu məsələ müzakirə edilmir:
“Lakin tədris prosesi başladıqdan sonra ümumi vəziyyətin qiymətləndirilməsi aparılacaq”.

Azərbaycan Tibb Universitetindən qeyd edilib ki, ümumiyyətlə, tibb təhsilində dərslərin onlayn və ya hibrid aparılması effekt vermir:
“Buna baxmayaraq, hələ ki Azərbaycan Tibb Universitetində bu məsələ ilə bağlı yekun qərar verilməyib. Sentyabrın ilk günlərində müvafiq məsələ bir daha ətraflı nəzərdən keçirilərək müvafiq qərar verilə bilər”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də bildirilib ki, bu məsələ ilə bağlı hələlik heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Xəzər Universiteti də heç bir dəyişikliyin nəzərdə tutulmadığını açıqlayıb.

Türkiyə-Azərbaycan Universitetindən bildirilib ki, nəqliyyat marşrutları və hərəkət intensivliyi üzrə aparılan təhlillər göstərir ki, mövcud dərs cədvəlimiz yollardakı pik saatlarla tam üst-üstə düşmür və TAU tələbələrinin nəqliyyat hərəkəti üçün əlavə maneə yaratmır:

"Bu səbəbdən dərs saatlarında hər hansı bir dəyişiklik nəzərdə tutulmur.

Dərslər əvvəlki qaydada və müəyyən olunmuş vaxtlarda davam edəcək:
•    Əsas dərslər: saat 09:00-da
•    Hazırlıq qruplarının dərsləri: saat 09:40-da".