Məzunlar millətimizin intellektual potensialıdır - Fariz İsmayılzadə

28 Fevral, 2026 - 16:35
Məzunlar millətimizin intellektual potensialıdır

Fevralın 28-də Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə 

rektor Hafiz Paşayevin salamlarını gənclərə çatdıraraq tədbirin əsas məqsədinin gəncləri bir araya gətirərək onların karyera imkanları barədə müzakirələr aparmaq olduğunu diqqətə çatdırıb. Dünyanın nüfuzlu ali təhsil müəssisələrini bitirərək məzun olmuş gəncləri ölkəmizin seçilmiş nümayəndələri kimi xarakterizə edən prorektor əlavə edib: “Biz hamımız fəxr edirik ki, ölkəmiz gəncləri dövlət vəsaiti hesabına xaricə təhsil almağa göndərir. Gənclərimiz xaricdə təhsil alır, bilik və savad qazanır, yüksəkixtisaslı mütəxəssislər kimi formalaşır, vətənə dönərək işləməyə başlayır və öz töhfələrini verirlər. Gənclər üçün belə bir imkanın yaradılması çox əhəmiyyətli məqamlardan biridir”.

Fariz İsmayılzadə qeyd edib ki, ötən əsrin 90-cı illərində iqtisadiyyatın çətin vəziyyətdə olduğu illərdə biz Azərbaycanın güclənməsini və gənclərimizin xaricdə təhsili üçün geniş imkanlar yaratmasını çox arzulayırdıq. “Bu gün isə bu artıq reallıqdır. Elm və Təhsil Nazirliyi gənclərin xaricdə təhsili üzün çox gözəl bir proqramı şəffaf formada idarə edir və mən çox sevinirəm ki, məzunlar millətimizin intellektual potensialıdır”. 

 F.İsmayılzadə Qarabağ Zəfərimizdə qələbənin əldə olunmasında əsas faktorlardan birinin məhz ölkəmizin insan resursları olduğunu qeyd edib: "Bizim hər yerdə güclü kadrlarımızın, resurslarımızın olması qələbəmizə gətirib çıxardı. Biz mütəxəssislərimizlə fəxr edirik. Və əminik ki, sizin bu uğurlarınız daha da çox olacaq, Azərbaycanın inkişafına töhfə verəcəksiniz”.  

Prorektor qeyd edib ki, həyat dinamik inkişafdadır, insan hər zaman yeni peşələr axtarır. O bu baxımdan əmin olduğunu bildirib ki, sərginin gənclər üçün böyük faydası olacaq, onlar yeni iş, karyera imkanları ilə tanış olacaqlar. 

F.İsmayılzadə qeyd edib: “ADA Universiteti olaraq biz sizin kimi kadrlar axtarırıq, universitetimiz genişlənir. Cənab Prezidentin təşəbbüsü ilə İtaliya- Azərbaycan Universiteti, yeni fakültələr yaradılıb. Ona görə də pedaqoji fəaliyyətə, tədqiqat işlərinə həvəsi olan varsa ADA Universiteti hər zaman sizlərlə ünsiyyət qurmağa, inkişafınıza töhfə verməyə şad olarıq. Pedaqoji fəaliyyətdən başqa, bizdə texnologiyalar sürətlə inkişaf edir. Universitet olaraq texnologiya, süni intellekt, data analitikası yönündə də marağı olan məzunları əməkdaşlığa dəvət edirik”. 

F.İsmayılzadə əlavə edib ki, gənclərlə dialoq çərçivəsində müəyyən problemləri, yeni ideya və təşəbbüsləri müzakirə edə, birlikdə daha da irəli gedə bilərik.

Sonda tədbirin təşkilinə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü çatdıran prorektor F.İsmayılzadə müasir çağırışları nəzərə almaqla nazirlik tərəfindən belə bir tədbirin təşkilinin sevindirici hal olduğunu bildirib. 

Qeyd edək ki, sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.