Milli Hakatonun Finalında 300 şagird yarışır
“Dörd mərhələdən ibarət olan hakatona ümumilikdə 300 mindən çox şagird qoşulub və bu gün artıq final mərhələsidir. Üç gün ərzində 300 nəfər finalçı yarışacaq. Dekabrın 1-də isə müxtəlif kateqoriyalar üzrə 30-a yaxın qalibin müəyyən edilməsi planlaşdırılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Nilüfər Rəhimova bu gün keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin final mərhələsi zamanı deyib.
Onun sözlərinə görə, ölkə üzrə şagirdlərin rəqəmsal bacarıqlarının, proqramlaşdırma sahəsində biliklərinin artırılması məqsədilə mart ayından etibarən müvafiq əmr əsasında məktəblərarası milli hakaton təşkil olunur: “Üç gün ərzində şagirdlər texniki tapşırıqlara uyğun olaraq mentorların dəstəyi ilə çalışdıqları və əldə etdikləri biliklər əsasında IT məhsulu yaradacaqlar. 30 noyabr tarixində isə final mərhələsinin son günü olaraq münsiflər heyəti qiymətləndirmə aparacaq və qalibləri müəyyən edəcək”.
Məlumat üçün qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Algoritmika” — beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton-2025” layihəsinin əsas məqsədi şagirdlər arasında innovasiyaya marağı təşviq etmək və onların texnologiyaya olan maraqlarını daha da artırmaqdır.



