MİQ-də 30-dan çox bal toplayanların 99 faizi sertifikatlaşdırmadan uğurla keçib

30 İyun, 2026 - 10:18
MİQ-də 30-dan çox bal toplayanların 99 faizi sertifikatlaşdırmadan uğurla keçib

Mərkəzləşdirilmiş qaydada işə qəbul (MİQ) olunan müəllimlərin sertifikatlaşdırma nəticələri əvvəlki MİQ imtahanlarında əldə etdikləri nəticələrlə müqayisə olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə məlumat verib.

Nazir əlavə edib ki, təqdim olunan məlumatlara əsasən, sertifikatlaşdırmada iştirak edən 23 min 377 müəllimin orta balı 51 olub. Onlardan MİQ imtahanında 41–50 bal toplayanlar 9 min 886 nəfər (42 faiz), 30–40 bal toplayanlar 7 min 960 nəfər (34 faiz), 51–60 bal toplayanlar isə 5 min 531 nəfər (24 faiz) təşkil edib.
Müqayisə göstərib ki, əvvəlki dövrdə MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51, MİQ-də iştirak etməyənlərin orta balı isə 42 olub.

“Əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Belə ki, onların keçid faizi 99 faiz təşkil edib, 62 faizi isə sertifikatlaşdırma imtahanında 51 və daha yüksək bal toplayıb”.