MİQ müsahibəsindən necə uğurla keçmək olar? – Əsas məqamlar
Müəllimlərin işə qəbulu prosesində müsahibə mərhələsi namizədin yalnız bilik və peşəkar hazırlığının deyil, eyni zamanda kommunikasiya, özünüifadə və situasiyaya uyğun qərarvermə bacarıqlarının da qiymətləndirilməsi baxımından mühüm mərhələ hesab olunur. Lakin bəzi namizədlər kifayət qədər bilik və təcrübəyə malik olsalar da, müsahibə zamanı həyəcan, özünəinamın aşağı olması və fikirlərini sistemli şəkildə ifadə edə bilməmək səbəbindən çətinlik yaşayırlar.
MİQ müsahibəsində müəllim namizədlər özlərini daha yaxşı ifadə etmək üçün nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan müəllim Təranə Nuriyeva bildirib ki, müsahibə namizədin üçün yalnız biliklərin yoxlanıldığı bir mərhələ deyil:
“Burada namizədin pedaqoji düşüncəsi, situasiyanı təhlil etmək bacarığı, fikrini əsaslandırması, ünsiyyət və özünüifadə qabiliyyəti də ön plana çıxır. Müşahidələrimə əsasən, bəzi müəllimlər müsahibə zamanı sualın cavabını bildikləri halda öz fikirlərini sistemli və inamlı şəkildə ifadə etməkdə çətinlik çəkirlər.
Əslində bu vəziyyət hər zaman bilik çatışmazlığı ilə əlaqəli deyil. Müsahibə mühiti, həyəcan, zaman məhdudiyyəti və cavabı əvvəlcədən strukturlaşdırmamaq bildiklərini nümayiş etdirməyə mane ola bilər. McCarthy və Goffinin 2004-cü ildə “Personnel Psychology” jurnalında dərc etdikləri tədqiqat da müsahibə narahatlığının namizədin performansına təsir göstərə bildiyini ortaya qoyur. Bu səbəbdən MİQ-ə hazırlıq prosesində yalnız fənn və metodika biliklərinin təkrarlanması deyil, bildiklərini düzgün və sistemli şəkildə ifadə etmək bacarığının inkişaf etdirilməsi də vacibdir”.
Müəllim qeyd edib ki, digər mühüm məsələ əzbər cavablardan uzaq durmaqdır:
“Müsahibə zamanı çoxlu pedaqoji terminlərdən istifadə etmək özlüyündə üstünlük yaratmır. Əsas məsələ həmin anlayışları real pedaqoji vəziyyətlə əlaqələndirə bilməkdir. Namizəd “inklüzivlik”, “fərdiləşdirmə”, “formativ qiymətləndirmə” və “şagirdyönümlülük” kimi anlayışları sadəcə sadalamaq əvəzinə onları sinifdə necə tətbiq edəcəyini konkret nümunə ilə göstərməlidir. Bu zaman müsahibə götürən tərəf namizədin yalnız terminləri bilməsini deyil, həmin bilikləri praktik vəziyyətə tətbiq edə bildiyini də görür.
Burada özünəinam da mühüm rol oynayır. Albert Bandura 1997-ci ildə “Özünə effektivlik: Nəzarətin həyata keçirilməsi” (“Self-Efficacy: The Exercise of Control”) əsərində insanın müəyyən bir tapşırığı uğurla yerinə yetirə biləcəyinə dair inamının onun davranışına, motivasiyasına və fəaliyyətinə təsir etdiyini əsaslandırır. MİQ müsahibəsi kontekstində bu o deməkdir ki, müəllim yalnız “Mən bu sualın cavabını bilirəmmi?”- deyə düşünməməli, eyni zamanda “Bildiyim fikri necə aydın və inamlı şəkildə təqdim edə bilərəm?” sualını da özünə verməlidir.
Bu bacarığın inkişafı üçün sınaq müsahibələri xüsusilə faydalıdır. Müəllim real müsahibəyə bənzər şəraitdə suallara cavab verməli, öz çıxışını dinləməli və nitq sürəti, fikrin ardıcıllığı, təkrarlar, göz kontaktı və doldurucu sözlər üzərində işləməlidir. Çünki özünüifadə anadangəlmə və dəyişməz xüsusiyyət deyil; məqsədyönlü məşqlə vasitəsilə inkişaf etdirilə bilən bir bacarıqdır”.
T.Nuriyevanın fikrincə, MİQ müsahibəsində əsas məsələ namizədin “ideal cavabı” əzbər deməsi deyil:
“Əsas olan onun pedaqoji düşüncəsini, qərarvermə bacarığını, real situasiyalara yanaşmasını və müəllim kimi mövqeyini göstərə bilməsidir. Müəllim yalnız biliyə sahib olan deyil, həmin biliyi düzgün zamanda, düzgün formada və qarşı tərəfin ehtiyacını nəzərə alaraq ifadə edə bilən şəxsdir.
Ona görə də MİQ müsahibəsinə hazırlaşan hər bir müəllimə tövsiyəm budur: cavabları əzbərləməyin, düşüncə tərzinizi inkişaf etdirin. Yalnız nə deyəcəyinizi deyil, niyə belə düşündüyünüzü və bunu real pedaqoji vəziyyətdə necə tətbiq edəcəyinizi izah etməyə hazır olun. Çünki müsahibədə ən güclü cavab çox vaxt ən uzun cavab deyil, ən məntiqli, əsaslandırılmış və real nümunə ilə dəstəklənmiş cavabdır.
Məncə, MİQ müsahibəsinin ən vacib mesajlarından biri də budur: müəllim özünü ifadə edə bilmirsə, bu onun mütləq zəif müəllim olduğu anlamına gəlmir. Bəzən sadəcə bildiklərini nümayiş etdirmək üçün ona düzgün strategiya və kifayət qədər məşq lazımdır. Buna görə hazırlıq prosesində müəllimlərə yalnız “nəyi bilməlisən?” sualını deyil, həm də “bildiyini necə nümayiş etdirəcəksən?” sualını verməliyik”.
Müəllim Gözəl Azayeva isə qeyd edib ki, müəllim burada biliklə yanaşı, düşünmə, situasiyanı qiymətləndirmə, özünü idarə etmə və fikrini ifadə etmə bacarığını nümayiş etdirir:
“Əsas çətinliklərdən biri həyəcan və psixoloji gərginlikdir. Xüsusilə yüksək nəticə göstərərək müsahibəyə gələn müəllim özündən çox şey gözlədiyi üçün əlavə təzyiq hiss edir.
Bundan başqa, gözlənilməz və çaşdırıcı suallar, ardıcıl verilən suallar çətinlik yaradır.
Bir sualda yaranan çaşqınlıq psixoloji olaraq növbəti suallara da təsir edir.
Bəzən müəllimlər nə bildiklərini deyil, bildiklərini necə ifadə etməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Belə hal xüsusilə gözlənilməz sualla qarşılaşdıqda, cavabın bir neçə variantı mümkün olduqda, pedaqoji situasiyanı şərh etmək tələb edildikdə, fikrini əsaslandırmaq lazım gəldikdə, komissiyanın əlavə sualları ilə qarşılaşdıqda olur. Bu zaman müəllim bildiyi məlumatı belə sistemli şəkildə ifadə edə bilməyə bilir.
Amma həyəcanlı olmaq məlumatsız olmaq demək deyil. Müsahibə zamanı özünü ifadə etməkdə çətinlik çəkən namizədin bu problemi onun müəllimlik potensialının olmadığı anlamına gəlmir”
G.Azayeva qeyd edib ki, ilk növbədə, müsahibəyə yalnız sual-cavab əzbərləməklə hazırlaşmaq olmaz. Müəllim düşünmə və özünü ifadə etmə bacarığını da məşq etməlidir:
“Çaşdırıcı sual qarşısında sona qədər diqqətlə dinləmək, cavab verməyə tələsməmək, bir neçə saniyə düşünüb fikri toparlamaq, cavabı mümkün qədər sistemli ifadə etmək, fikrini əsaslandırmaq, bilmədiyi məqamı uydurmaq əvəzinə bunu məntiqi şəkildə ifadə etmək çox kömək edir.
Komissiya hazır mətn əzbərləmiş namizəd deyil, situasiyanı düzgün qiymətləndirən və öz fikrini əsaslandıra bilən müəllim görmək istəyir.
Göz təması, aydın və sakit danışıq, normal səs tonu, fikrin ardıcıl ifadəsi və özünəinamlı davranış da müsahibə zamanı mühüm rol oynayır.
Müsahibədə məqsəd bütün suallara mexaniki şəkildə cavab vermək deyil, müəllim kimi düşünə bildiyini göstərməkdir.
Çünki müsahibədə yalnız nə bildiyin deyil, bildiyini necə ifadə etdiyin də mühüm əhəmiyyət daşıyır”.




