MİQ rekordçusu sertifikasiyada da fərqləndi
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün yekunlaşır. Son imtahan gününün iştirakçıları arasında ilk dəfə sertifikatlaşdırmaya cəlb olunan fiziki tərbiyə müəllimləri də var. İmtahan mərkəzlərində diqqət çəkən məqamlardan biri isə bəzi müəllimlərin sualları qısa müddətdə cavablandıraraq yüksək nəticə əldə etməsi idi.
Fiziki tərbiyə müəllimləri arasında yüksək nəticə göstərən digər iştirakçılardan biri İbrahim Talıbov olub. Bakı şəhəri, Binəqədi rayonu 276 nömrəli məktəbin müəllimi imtahanı 34 dəqiqəyə tamamlayaraq 54 bal toplayıb.
Dördillik pedaqoji fəaliyyətə malik olan müəllim sertifikatlaşdırmaya üç ay hazırlaşdığını bildirib. Hazırlıq prosesində əsasən öz üzərində çalışdığını deyən İbrahim müəllim bəzi əlavə materiallardan da istifadə edib.
Maraqlıdır ki, o, imtahanlara hərbi xidmətdən qayıtdıqdan sonra hazırlaşmağa başlayıb. 2023-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən İbrahim Talıbov həmin il respublika üzrə ən yüksək nəticəni göstərən namizəd olub.
“Hərbi xidmətdən yeni qayıtdığıma görə hazırlıq müddətim bir qədər az oldu. Amma yaxşı hazırlaşa bildim və yaxşı nəticə əldə etdim. Hətta deyərdim ki, MİQ-də sualların səviyyəsi daha çətin idi”, – deyə müəllim bildirib.
Onun sözlərinə görə, imtahandakı suallar əsasən gündəlik tədris prosesində istifadə olunan bilik və bacarıqlara əsaslanırdı:
“Gündəlik tədris etdiyimiz mövzular istiqamətində idi. Hətta müəllimlərin işə qəbulu imtahanında qarşılaşdığımız bəzi mövzularla da oxşarlıqlar var idi”.
İbrahim Talıbov hesab edir ki, sertifikatlaşdırmanın əsas üstünlüklərindən biri müəllimləri daim öyrənməyə təşviq etməsidir:
“Əsas məqsədim yaxşı nəticə göstərmək idi. Sertifikatlaşdırmanın müəllimlərin biliklərini yeniləməsi və öz üzərlərində işləmələrinə stimul verməsi də müsbət tərəflərindəndir”, – deyə o bildirib.




