Müasir məktəb, böyük ümidlər – Ağdam şəhər 1 nömrəli tam orta məktəbdən REPORTAJ
İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi infrastrukturun bərpası ilə yanaşı, təhsil müəssisələrinin yenidən qurulması və tədrisin təşkili "Böyük Qayıdış" Proqramının ən mühüm prioritetlərindən biridir. Ağdam şəhərində inşa olunan məktəb də belə təhsil ocaqlarındandır. Uzun illərdən sonra qapılarını yenidən şəhər sakinlərinin övladlarının üzünə açan 1 nömrəli tam orta məktəbdə artıq bir neçə aydır ki, tədris prosesi uğurla və yüksək dinamika ilə davam edir. Doğma yurda qayıdan sakinlərin övladlarının keyfiyyətli təhsillə əhatə olunması üçün yaradılan bu müasir məktəb regionda intellektual potensialın inkişafında və normal fəaliyyətin bərpasında mühüm rol oynayır.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, məktəbdə gənc nəslin qabaqcıl standartlar səviyyəsində bilik və bacarıqlara yiyələnməsi üçün bütün zəruri şərait yaradılıb. Müasir memarlıq üslubunda inşa edilən və ən son avadanlıqlarla təchiz olunan binada geniş, işıqlı sinif otaqları, nəzəri biliklərin praktikada tətbiqinə imkan verən fizika, kimya və biologiya laboratoriyaları fəaliyyət göstərir. Bununla yanaşı, şagirdlərin sosial və mədəni fəallığını artırmaq məqsədilə geniş akt zalı, zəngin kitabxana, həmçinin təhlükəsiz qidalanmanı təmin edən müasir yeməkxana kompleks şəkildə qurulub.
Hazırda məktəbdə Ağdama köçmüş ailələrin övladlarından ibarət 100-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi, vətənpərvərlik ruhunda yetişməsi ilə imtahanlardan keçərək seçilmiş 16 müəllim məşğul olur. Pedaqoji heyətin peşəkarlığı, innovativ təlim metodlarından istifadə etməsi bərpa olunan Ağdamda təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsinə birbaşa müsbət təsir göstərir.
Məktəbin direktoru Günel Vəliyevanın sözlərinə görə, artıq təhsil ocağında səmərəli tədris mühiti formalaşıb:
“Məktəbimiz müasir infrastruktura malikdir və tədris prosesi uğurla davam edir. Şagirdlərimiz qısa müddətdə məktəb mühitinə uyğunlaşıb, dərslərdə fəallıq göstərirlər. Bu gün Ağdamda təhsilin inkişafını görmək hər birimiz üçün qürurvericidir. Doğma şəhərdə fəaliyyət göstərən bir məktəbin direktoru olmaq həm məsuliyyətli, həm də şərəfli vəzifədir”.
Müasir sinif otaqlarında biliyin sirlərinə yiyələnən uşaqların sevincli simaları yaradılan yüksək şəraitin ən bariz göstəricisidir. Doğma yurdda fəaliyyət göstərən təhsil ocağının ilk fidanlarından olan I sinif şagirdi Aysu Hüseynli də böyük coşqu və həvəslə dərsə gəlib-gedir.
Sevinci gözlərindən oxunan 7 yaşlı Aysu Ağdamda təhsil almaqdan qürur duyduğunu bildirib: “Məktəbimizi və müəllimlərimi çox sevirəm. Burada dərslərimiz bizim üçün çox maraqlı və əyləncəli keçir. Hər gün bura böyük həvəslə gəlirəm. Dərslərimi çox yaxşı oxuyacam ki, böyüyəndə həkim olub”.
Söhbət etdiyimiz digər şagird isə İbrahim Paşasoydur. “Ağdam şəhər məktəbinin şagirdi olmaq mənim üçün çox sevindiricidir. Şəhərimizin azad olunmasından sonra burada oxumaq böyük qürurdur. Ağdam gözəlləşir və biz bunun şahidiyik. Gələcəkdə həkim olub doğma şəhərimdə çalışmaq istəyirəm”, - deyə o qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası, gənc nəslin fundamental biliklərlə təmin olunması və inkişafı istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər çərçivəsində Ağdam şəhərində də tədris prosesi artıq davamlı və sistemli xarakter alıb. Ağdam 1 nömrəli tam orta məktəbdə formalaşan müasir, texnoloji və intellektual təhsil mühiti təkcə bir məktəbin uğuru deyil, bütövlükdə "Böyük Qayıdış" Proqramının uğurla reallaşmasının, Qarabağda dinc və firavan həyatın sürətlə bərpa olunmasının ən mühüm rəmzi göstəricilərindən biridir.



