“Müasir şəhərlər və texnologiya” düşərgəsinə start verilib
“Yay Fest 2026”-nın sayca 4-cü olan “Müasir şəhərlər və texnologiya” düşərgəsinə start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, 3-7 avqust tarixlərini əhatə edən düşərgənin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar düşərgə ərazisinə yollanaraq onlar üçün hazırlanmış zəngin proqramla tanış olublar.
Düşərgənin ilk günündə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev çıxış edərək gənclərin innovativ düşüncə, rəqəmsal bacarıq və komanda birliyinin inkişafında bu kimi layihələrin əhəmiyyətini vurğulayıblar. Rəsmi çıxışlardan sonra iştirakçılar üçün bədii hissə təşkil olunub. “Azərbaycan Mədəniyyəti” sosial şəbəkə platformasının üzvləri və istedadlı gənclərin təqdimatında milli musiqilərdən ibarət musiqili proqram iştirakçılara təqdim olunub.
Günün davamında gənclər üçün komanda oyunları təşkil edilib. Düşərgənin ilk günü axşam saatlarında gənclərin sevimli musiqilərindən ibarət əyləncəli proqram ilə yekunlaşıb.
Qeyd edək ki, “Müasir şəhərlər və texnologiya” düşərgəsinin əsas məqsədi gənclərin müasir şəhərsalma, innovasiya, rəqəmsal texnologiyalar və dayanıqlı inkişaf istiqamətlərində bilik və bacarıqlarının artırılması, onların komanda işi və liderlik kompetensiyalarının inkişafına töhfə verməkdir. Düşərgə 7 avqust tarixinədək müxtəlif təlimlər, panel müzakirələri, praktiki fəaliyyətlər və əyləncə proqramları ilə davam edəcək.
Məlumat üçün bildirək, “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı çərçivəsində sentyabrın 4-dək mərhələli şəkildə 8 düşərgə təşkil olunacaq.




