“"Müəllim” adını daşıyan hər kəs bu sualları cavablandıra bilər” – Sertifikasiyadan uğurla keçənlər
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanları bir daha göstərdi ki, uğur təsadüf deyil, illərlə davam edən zəhmətin, peşəyə bağlılığın və davamlı inkişafın nəticəsidir.
Bu imtahanlarda maksimum nəticə - 60 bal toplayan müəllimlər öz uğur hekayələrini “Azərbaycan müəllimi” ilə bölüşərək müəllimlik peşəsinin yalnız dərs demək deyil, həm də daim öyrənmək və inkişaf etmək yolu olduğunu göstəriblər.
“Müəllim öyrəndikcə və yeniləndikcə nəticə qaçılmaz olur”
Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əfruz Quliyeva imtahanda 60 bal toplayıb. Məktəbi fəqlənmə attestatı ilə, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “İngilis dili müəllimliyi” ixtisasını isə fərqlənmə diplomu ilə bitirib.
10 illik pedaqoji fəaliyyəti olan müəllim deyir ki, illər ərzində eyni sədaqət və peşəkarlıqla bu müqəddəs işi davam etdirib:
“Sertifikatlaşdırma prosesi yüksək təşkilatçılığı, şəffaflığı və obyektivliyi ilə seçildi. Tapşırıqların məzmunu təsadüfi deyil, məhz müəllimin gündəlik fəaliyyətində istifadə etdiyi bilik və bacarıqlara əsaslanırdı. Sualların düşündürücü xarakter daşıması, müəllimləri sadəcə yaddaş deyil, məntiq və təhlil üzərindən düşünməyə vadar etməsi bu imtahanın əsas üstünlüklərindən biri oldu. Belə bir şəraitdə əldə edilən yüksək nəticə artıq yalnız imtahan uğuru deyil, müəllimin peşəkarlıq göstəricisi kimi dəyərləndirilir.
Bu fakt bir daha təsdiq edir ki, düzgün istiqamətləndirilmiş təlim prosesi yalnız qısamüddətli nəticələr vermir, eyni zamanda şagirdlərin gələcək peşə seçimində də mühüm rol oynayır. Beləliklə, müəllim yalnız dərs deyən deyil, həm də gələcəyin uğurlu fərdlərini formalaşdıran əsas simalardan biri kimi çıxış edir”.
Müəllimin fikrincə, bu peşə üçün inkişaf bitməyən bir prosesdir. Müəllim daim öz üzərində işləməli, yeni metod və yanaşmaları öyrənməli, onları dərs prosesində tətbiq etməli və fəaliyyətinin ayrılmaz hissəsinə çevirməlidir:
“Müasir təlim tələblərinə uyğun qurulan dərslər yalnız bilik verməklə kifayətlənmir, şagirdlərdə düşünmə, analiz etmə və öz fikrini ifadə etmə bacarıqlarını da inkişaf etdirir. Bu isə müəllimin işinə yanaşmasının nə qədər məqsədyönlü və sistemli olduğunu göstərir. Bütün bu məqamların fonunda bir həqiqət daha da aydın görünür: müəllim daim öz üzərində işlədikcə, öyrəndikcə və yeniləndikcə nəticə də qaçılmaz olur. Uğur birdən-birə əldə edilmir, o, hər gün atılan kiçik addımların, səbrin və əzmin yekun nəticəsidir”.
Əfruz Quliyeva üçün əldə olunan 60 bal təkcə bir imtahan nəticəsi deyil:
“Bu, illərin zəhmətinin, peşəyə bağlılığın, düzgün istiqamətləndirmənin, daim müəllimlərini dəstəkləyən məktəb rəhbərliyinin və sağlam pedaqoji mühitin vəhdətidir. Bu uğur həm bir müəllimin fərdi nailiyyəti, həm də bütövlükdə məktəb kollektivinin qürur mənbəyidir”.
“Məsuliyyətini dərk edən bir müəllim üçün sertifikasiya önəmlidir”
Sertifikasiya imtahanından yüksək bal toplayan müəllimlərdən biri də Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Quliyevadır. O da sertifikasiyanın test imtahanından 60 bal toplayıb.
29 illik pedoqoji stajı olan müəllim orta məktəbi və universiteti fərqlənmə ilə bitirib. Deyir ki, 5 il öncə ilk dəfə keçirilən sertifikasiya imtahanından 56 bal toplayıb:
“2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fəxri fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülmüşəm. Təbii ki, bu adın məsuliyyətini daim üzərimdə hiss edirdim. Çalışırdım ki, sertifikasiya imtahanından sonra aldığım bu ada layiq olaraq maksimum nəticə göstərim. Nəticədə arzuma çatdım və buna görə çox sevincliyəm. Özümə konkret hədəf qoymuşdum ki, nəticəm 60 olmalıdır. Düzdür, 60 bal bir qədər şans amilindən də asılıdır”.
O qeyd edib ki, çətin sualların sayı çox az olub:
“"Müəllim” adını daşıyan hər kəs bu sualları cavablandıra bilər. Təbii ki, imtahanın formatına uyğun olaraq müəyyən dərəcədə 5-6 sual nisbətən çətin idi. Amma ümumilikdə imtahan çox yüksək səviyyədə, tam obyektiv təşkil olunmuşdu və suallar hamı üçün əlçatan idi. Düşünmürəm ki, kimsə suallardan narazı qala bilərdi”.
Müəllim deyir ki, şagirdləri uğur qazandıqca daha da həvəslənib, daha böyük əzmlə işləyib:
“Şagirdlərimin hamısı yüksək nəticələrlə ölkənin müxtəlif yerlərində təhsillərini davam etdirirlər. Onlar arasında olimpiada qalibləri də çox olub. Son illərdə Azərbaycan dili fənni üzrə maksimum nəticə göstərən şagirdlərimizin sayı da getdikcə artır.
Mən bu sertifikasiya imtahanının nəticəsi olaraq belə qənaətə gəldim ki, məsuliyyətini dərk edən bir müəllim üçün bu proses çox önəmlidir”.
Müsahibimiz hesab edir ki, sertifikasiya müəllimə yeni biliklər aşılayır:
“Məsələn, biz orada 10-a yaxın kurikulum və metodika sualları ilə tanış olduq. Mən bu sahə ilə də maraqlandım, oxudum, öyrəndim və bu da mənə müəyyən qazanc verdi. Bu gün sinfə daxil olanda artıq kurikulum sistemi ilə dərs keçirik. Bu prosesin heç bir mənfi tərəfi yoxdur. Əksinə, müəllimin inkişafı üçün çox gözəl bir vasitədir və onda əlavə məsuliyyət yaradır. Sonda müəllimlərə tövsiyəm odur ki, müəllimlik adına layiq şəkildə fəaliyyət göstərsinlər, daim öz üzərlərində işləsinlər və biliklərini mütəmadi olaraq yeniləsinlər”.
“Sertifikasiyanın keçirilməsini müsbət qiymətləndirirəm”
14 ildir pedaqoji fəaliyyətlə məşğul Babək rayon Şəkərabad kənd tam orta məktəbinin ingilis dili müəllimi Xatirə Əhmədova da yüksək nəticə göstərən müəllimlərdəndir.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin məzunudur. Müəllim olmaq ən böyük arzusu olub. Deyir ki, məqsədi hər zaman daha yaxşısına nail olmaqdır:
“2021-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən sertifikasiya imtahanında da yüksək nəticə əldə etmişdim — 51 bal. İkinci dəfə isə təbii ki, məqsədim daha yüksək nəticə göstərmək idi. Sertifikasiya tarixləri elan olunduqdan sonra qısa müddətli hazırlığa qoşuldum. Açığı, hansı materiallardan hazırlaşmalı olduğumu əvvəlcədən çox araşdırmamışdım.
İmtahanda hər bir səviyyə üzrə — asan, orta və çətin suallar mövcud idi. Hətta sualların təxminən 30-u o qədər sadə idi ki, düşünmürəm hansısa müəllim həmin hissədə çətinlik yaşaya bilərdi. Mən imtahanı 43 dəqiqəyə tamamladım”.
Nəticəni ilk gördüyü anda isə çox sevinib:
“Çünki, dediyim kimi, gözləntim yüksək idi. Düşünürəm ki, sertifikasiyada maksimum bal toplamağım gələcəkdə də bu sahədə fəaliyyətimi davam etdirməyim üçün mənə stimul olacaq. Daha yaxşı nəticələr əldə etmək və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsinə töhfə vermək əsas məqsədlərimdəndir.
Sertifikasiyanın keçirilməsini müsbət qiymətləndirirəm. Çünki müəllimin daim öz üzərində işləməsi, yeniliklərdən xəbərdar olması bu texnologiya dövründə həqiqətən çox vacibdir.
İyunda sertifikasiya imtahanına cəlb olunacaq müəllimlərə demək istəyirəm ki, öz üzərlərində işləsinlər və dövlətimizin bizim üçün müəyyən etdiyi hədəf yolunda inamla irəliləsinlər. Hər şey yaxşı olacaq, təbii ki, bunun üçün hazırlaşmaq və özünə inanmaq lazımdır”.
Göründüyü kimi, əslində əldə olunan yüksək nəticə təkcə bir rəqəm deyil, müəllimlərin özünə inamının, şagirdlərinə verdiyi dəyərin və təhsilin gələcəyinə olan inancın göstəricisidir.
Çünki inkişaf edən müəllim elə inkişaf edən təhsil deməkdir.




