Müəllim geyimi: keçmişin təcrübəsi, gələcəyin seçimi 

24 İyul, 2026 - 14:33
Müəllim geyimi: keçmişin təcrübəsi, gələcəyin seçimi 

“Ümumi təhsil haqqında” Qanunda edilən son dəyişikliklər ölkə başçısı İlham Əliyev tərəfindən təsdiqləndi. Prezidentin müvafiq Fərmanı ilə Nazirlər Kabineti iki ay ərzində təsilverənlər üçün geyimlə bağlı tələbləri və standartları müəyyənləşdirib təsdiqləməlidir. Şübhəsiz ki, bu qərar son dövrlər təhsil ictimaiyyətində və cəmiyyətdə  ən çox müzakirə olunan, fərqli mülahizələrə yol açan mövzulardan birinə çevrilib. Bir qisim bunu müəllim nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım hesab edir, digərləri isə müəllimin peşəkarlığının geyimlə ölçülə bilməyəcəyini vurğulayırlar. Hesab edirəm ki, bu məsələyə emosiyalarla deyil, tarixi təcrübə, pedaqoji yanaşma və müasir təhsilin tələbləri prizmasından baxmaq daha məqsədəuyğundur. Məqsəd vahid müəllim geyiminin tərəfdarı və ya əleyhdarı olmaq deyil, qəbul olunmuş qərarın daha uğurlu tətbiqinə dair fikir mübadiləsinə töhfə verməkdir.
 
Müəllim geyiminin keçdiyi yol

Tarixə qısa nəzər saldıqda görürük ki, Azərbaycanda müəllim geyimi heç vaxt sadəcə zahiri görünüş məsələsi olmayıb. O, cəmiyyətin müəllimə münasibətini, dövrün ideoloji baxışlarını və milli dəyərlərini əks etdirən mühüm simvollardan biri kimi formalaşıb. XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkəmizdə dünyəvi məktəblərin və yeni ziyalı nəslinin formalaşması müəllim obrazına da yeni məzmun qazandırdı... 

Biz Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi maarifçilərin fotolarına baxdıqda onların əsasən Avropa üslubunda geyindiklərini, lakin milli kimliyi ifadə edən fəs və ya papaqdan da istifadə etdiklərini görürük. Bu, bir tərəfdən müasirliyə açılan pəncərə, digər tərəfdən isə milli dəyərlərə sədaqətin ifadəsi idi. Qadın müəllimlər də uzun, qapalı, lakin zövqlü və dövrün Avropa üslubuna uyğun geyimlərə üstünlük verirdilər. Çarşabın geniş yayıldığı bir cəmiyyətdə belə görünüş maarifçiliyə, elmə və müasir təhsilə səssiz çağırış idi.    

Sovet dövründə müəllim geyimi yazılmamış, lakin hamı tərəfindən qəbul edilən ciddi qaydalarla tənzimlənirdi. Kişilər əsasən tünd rəngli kostyum, ağ köynək və qalstuk, qadınlar isə sadə, qapalı və klassik geyimlərdən istifadə edirdilər. Məqsəd müəllimin fərdi üslubunu ön plana çıxarmaq deyil, vahid "sovet pedaqoqu" obrazını formalaşdırmaq idi.

Müstəqilliyin ilk illərində məktəblərdə geyim sərbəstliyi yarandı.Xüsusilə 2000-ci illərdən etibarən bəzi hallarda müəllimlərin məktəb mühitinə uyğun hesab edilməyən geyimləri ictimai müzakirələrə səbəb oldu. Nəticədə ayrı-ayrı məktəblər daxili təşəbbüslərlə müəyyən geyim qaydaları tətbiq etməyə çalışdılar. Bununla belə, vahid yanaşmanın olmaması bu məsələnin ölkə səviyyəsində həllini zəruri etdi.

Yeni qərarın mahiyyəti və gözləntilər 

Göründüyü kimi, Azərbaycan cəmiyyəti XIX əsrdən bu günə qədər müəllimi xüsusi status sahibi kimi qəbul etmişdir. Onun geyimi də cəmiyyət tərəfindən daim diqqətlə izlənilmişdir.Rəsmi olaraq qəbul olunan qərarların arxasında isə müəyyən məqsəd, cəmiyyətətə ötürüləcək mesaj olmuşdur. Deməli, bu gün qəbul edilən qərarın arxasında da aydın məqsəd dayanmalıdır. Tətbiq olunacaq geyim yalnız estetik görünüş yaratmamalı, milli dəyərlərimizin, müstəqil dövlətçiliyimizin,bu günümüzün və hədəflərimizin ruhunu və müasir təhsilin tələblərini özündə əks etdirməlidir.

Müəllim yalnız bilik verən şəxs deyil

Tarixi təcrübə də göstərir ki, müəllim geyimi heç vaxt yalnız zahiri görünüş məsələsi olmayıb. Bəs vahid geyim standartının tətbiqi pedaqoji və psixoloji baxımdan tədris prosesinə necə təsir göstərə bilər? Çünki vahid müəllim geyimi yalnız cəmiyyətə deyil, birbaşa sinif mühitinə və təlim prosesinə də tə təsir göstərən amillərdən biridir. Pedaqoji psixologiya və sosiologiya sahəsində aparılan araşdırmalar göstərir ki, müəllimin xarici görünüşü şagirdlərin ilk təəssüratına, sinifdə nizam-intizama və müəllimə olan etimada müəyyən təsir göstərir. Lakin bu təsir birmənalı deyil. O, cəmiyyətin milli xüsusiyyətlərindən, coğrafiyadan, məktəb mühitindən və şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq dəyişir. Azərbaycan məktəbi üçün müəllim yalnız bilik verən şəxs deyil. O, davranışı, nitqi, mədəniyyəti və xarici görünüşü ilə də şagird üçün nümunədir. Bu baxımdan səliqəli və peşəkar görünüş müəllim nüfuzunun möhkəmlənməsinə, məktəbdə akademik mühitin formalaşmasına və müəllim–şagird münasibətlərində qarşılıqlı hörmət hissinin güclənməsinə müsbət təsir göstərə bilər. Bir çox tədqiqatçılar iddia edir ki, rəsmi geyinən müəllimlərin siniflərində şagirdlər qaydalara daha çox riayət etməyə meyilli olurlar. Səliqəli və klassik görünüş müəllim peşəsinin nüfuzunu vizual olaraq ifadə edir, məktəbdə akademik mühitin formalaşmasına xidmət edir və xüsusilə yuxarı siniflərdə şagirdlərdə məsuliyyət hissinin güclənməsinə müsbət təsir göstərə bilər.

Digər tərəfdən, vahid yanaşma müəllimlər arasında maddi imkan fərqlərinin geyim vasitəsilə qabardılmasının qarşısını ala, kollektiv daxilində daha bərabər psixoloji mühit formalaşdıra bilər. Həmçinin müəllimi hər gün geyim seçimi ilə bağlı əlavə vaxt və enerji sərf etməkdən də müəyyən qədər azad edər.

Rahatlıq və funksionallıq əsas şərtdir

Lakin burada cavabını gözləyən başqa suallar da vardır. Müasir məktəbdə müəllimin işi yalnız lövhə qarşısında dayanıb dərs izah etməkdən ibarət deyil. O, sinif daxilində hərəkət edir, qruplarla işləyir, layihələr təşkil edir, şagirdlərlə daim ünsiyyətdə olur. Bu baxımdan vahid geyim hazırlanarkən yalnız onun zahiri görünüşü deyil, həm də rahatlığı və funksionallığı nəzərə alınmalıdır. Həddindən artıq sərt və hərəkəti məhdudlaşdıran geyim müəllimin dərs prosesindəki çevikliyinə və təbii davranışına müəyyən təsir göstərə bilərmi? Bu sual da düşünülməlidir.
 
Şagirdyönümlü təlim və müəllim obrazı 

Bu məqamı da yaddan çıxarmayaq ki, bu gün biz şagirdyönümlü təlim modelini tətbiq ediriksə, müəllim obrazı da həmin fəlsəfəyə uyğun olmalıdır. Xüsusilə ibtidai siniflərdə müəllimin siması, davranışı və geyimi uşağın məktəb haqqında ilk təəssüratının formalaşmasında mühüm rol oynayır. Həddindən artıq rəsmi və sərt görünüş bəzi uşaqlarda çəkinmə hissi yarada, müəllimlə səmimi ünsiyyət qurmağa müəyyən psixoloji maneə yarada bilər. Əksinə, səliqəli, zövqlü, lakin rahat geyim müəllimi şagird üçün daha yaxın və əlçatan, doğma edə bilər. İbtidai sinif şagirdləri üçün müəllimin geyimində rənglərin olması, çox sərt olmaması onların hələ tam anlamadıqları məktəb həyatına adaptasiyasına və daxili motivasiyasına müsbət təsir etmiş olar. Deməli, məsələ "rəsmi geyim olsun, ya olmasın" sualından daha genişdir. Əsas məsələ elə bir model seçmək və ya qaydalar müəyyən etməkdir ki, o, həm müəllimin nüfuzunu qorusun, həm də müasir təlimin tələb etdiyi demokratik və səmimi sinif mühitinə mane olmasın. Çünki müəllimin peşəkarlığı ilə onun insani yaxınlığı bir-birinə zidd anlayışlar deyil, əksinə, bir-birini tamamlayan keyfiyyətlərdir.

Beynəlxalq təcrübə nə deyir? 

İnkişaf etmiş təhsil sistemlərinin təcrübəsi də maraqlı nəticələr ortaya qoyur. Məsələn, ABŞ, Böyük Britaniya və bir çox Avropa dövlətlərində müəllimlərin konkret eyni rəngdə və dizaynda uniforma geyinməsi tələb olunmur. Bunun əvəzinə isə “Geyim qaydaları” adlanan sənəd var ki, orada məsələn, cins şalvara, idman geyimlərinə və çox parlaq rənglərə icazə verilmir. Müəllim bunlar çərçivəsində öz qarderobunu sərbəst şəkildə seçə bilir.

Finlandiya kimi mütərəqqi təhsil modelində isə diqqət geyimə deyil, tamamilə tədrisin keyfiyyətinə və müəllim-şagird səmimiyyətinə yönəlir. Finlandiya təhsilinin uğurları isə hər birimizə məlumdur.

Bütün tərəqqipərvər ölkələrdə müəllim peşəsi cəmiyyətin ən nüfuzlu peşələrindən biri hesab olunur. Bu fakt göstərir ki, müəllim nüfuzu təkcə geyimdən deyil, peşəkarlıqdan, cəmiyyətin müəllimə münasibətindən və təhsil sisteminin keyfiyyətindən qaynaqlanır. Geyimə gəldikdə isə o demək deyil ki, hər ölkə eyni modeli tətbiq etməlidir. Hər bir dövlət öz tarixi, milli-mədəni dəyərləri və təhsil ənənələri əsasında qərar verir. Azərbaycan üçün də seçiləcək müəllim geyimi məhz bu xüsusiyyətlər nəzərə alınmaqla hazırlanmalıdır.

Ölkəmiz üçün optimal yanaşma 

Mənim fikrimcə, təhsildə nizama nail olmağın yollarından biri olan geyimə münasibət ümumi peşəkar qaydaları müəyyən etməkdən keçir. Müəllim üçün geyim formasının tətbiqində əsas diqqət ediləcək məqam işgüzar səliqəliliyi rəhbər tutan ümumi standartların tətbiqi daha mütərəqqi yanaşma olardı. Bu standartlar isə çox sadə və aydındır: geyimdə aşırı sərbəstliyə və parlaqlığa yol verməmək, əgər konkret formalardan söhbət gedirsə milli xüsusiyyətlərin və elementlərin müasir dizaynda tətbiqi (bunu xüsusilə vacib fürsət hesab edirəm), vizual görkəmdə (səliqəli saç düzümü, ifrata varmayan makiyaj və baxımlı zahiri görünüş) peşəkar nizamı saxlamaq.

Vahid müəllim geyiminin tətbiqi yalnız pedaqoji deyil, həm də iqtisadi məsələdir. Yüz minlərlə müəllim üçün geyim hazırlanması böyük təşkilati iş tələb edir. Bu proses şəffaflıq, keyfiyyət və sağlam rəqabət prinsipləri əsasında həyata keçirilməlidir. Əsas məqsəd müəllim üçün keyfiyyətli, rahat və münasib qiymətə geyim təmin etmək olmalıdır. Bu amillər diqqətdə saxlanılarsa, islahatın ictimai qəbul olunması da daha asan olar.

Hesab edirəm ki, müəllim geyimi sadəcə parçadan tikilmiş forma deyil. O, cəmiyyətin müəllim peşəsinə münasibətini, məktəbin nüfuzunu və dövlətin təhsilə baxışını əks etdirən simvollardan biridir. Buna görə də  geyim məsələsinə yalnız inzibati qərar kimi deyil, həm də pedaqoji və mənəvi məsuliyyət tələb edən bir məsələ kimi yanaşılmalıdır.

Bu yazının məqsədi vahid müəllim geyiminin tərəfdarı və ya əleyhdarı olmaq deyil. Məqsəd qəbul olunmuş qərarın daha uğurlu tətbiqinə pedaqoji baxımdan kiçik də olsa dəstək verməkdir. İnanırıq ki, qəbul olunacaq geyim modelləri milli dəyərlərimizi, müəllim peşəsinin yüksək nüfuzunu və müasir təhsilin tələblərini özündə ahəngdar şəkildə birləşdirəcəkdir. Çünki müəllimin əsl nüfuzu onun geyimindən əvvəl biliyi, peşəkarlığı, mənəvi dəyərləri və yetişdirdiyi şagirdlərlə ölçülür. Vahid geyim bu dəyərləri tamamlayan, müəllim şəxsiyyətini daha da ucaldan bir vasitəyə çevrilərsə, məqsədinə çatmış olacaq.

Şahbaba Rəsulov,
Heydər Əliyev adına liseyin tarix müəllimi