İnnovativ pedaqogika necə olmalıdır?
(Əvvəli ötən sayımızda)
İnnovativ pedaqogikanın mühüm xüsusiyyətlərindən biri təhsilalanın fəaliyyətinin dəyişməsi, yaradıcı və tədqiqat xarakteri daşıması ilə bağlıdır. Belə ki, reproduktiv fəaliyyətdə təhsilalan mövcud məlumatı qəbul edir, yadda saxlayır və tələb olunan vəziyyətdə yenidən təqdim edirdisə, produktiv, məhsuldar fəaliyyətdə hazır biliklərə əsaslanmaqla yeni vəziyyəti araşdırmaq, problem həll etmək, fərziyyə irəli sürmək və nəticə çıxarmaq tələb olunur. Bu zaman dərsin əsas sualı “Müəllim nəyi izah edəcək?” deyil, “Təhsilalan bu dərsdə nəyi kəşf edəcək?” sualına çevrilir. Bu fərq zahirən kiçik görünsə də, pedaqoji baxımdan fundamental əhəmiyyət daşıyır. Birinci halda, təlimin mərkəzində müəllimin fəaliyyəti, ikinci halda, isə təhsilalanın öyrənmə fəaliyyəti dayanır.
Təhsilalanın fəaliyyətinin kəşf və tədqiqat xarakteri daşıması
Kəşf yönümlü təlimdə təhsilalana hazır nəticə təqdim etmək əvəzinə, həmin nəticəyə aparan problem, sual, situasiya və ya tapşırıq təqdim edilir. Təhsilalan müşahidə aparır, məlumat toplayır, müqayisə edir, təsnif edir, əlaqələri müəyyənləşdirir, fərziyyə irəli sürür və onun doğruluğunu yoxlayır. Nəticədə bilik təhsilalan üçün sadəcə yadda saxlanılan informasiya deyil, şəxsi intellektual fəaliyyətin nəticəsinə çevrilir.
Bu yanaşma Con Dyui tərəfindən irəli sürülmüş “təcrübə yolu ilə öyrənmə” ideyası ilə səsləşir. Dyui təhsili real həyat təcrübəsindən təcrid olunmuş informasiya ötürülməsi kimi deyil, fəaliyyət və düşüncə ilə əlaqəli proses kimi nəzərdən keçirirdi. Bu baxımdan innovativ dərs təhsilalanın real problem və situasiyalarla qarşılaşmasına, həmin problemlər haqqında düşünməsinə və həll yolları axtarmasına imkan verməlidir.
Məsələn, biologiya dərsində “bitkilərin böyüməsinə hansı amillər təsir edir?” mövzusunu yalnız dərslikdəki məlumatın izahı ilə məhdudlaşdırmaq əvəzinə, şagirdlərə kiçik tədqiqat aparmaq tapşırığı verilə bilər. Onlar müxtəlif şəraitdə bitkiləri müşahidə edə, su, işıq və temperatur amillərini dəyişə, nəticələri qeyd edə və əldə etdikləri məlumat əsasında nəticə çıxara bilərlər. Bu zaman şagird həm biologiya üzrə bilik əldə edir, həm də müşahidə, ölçmə, müqayisə, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirir.
Eyni yanaşma humanitar fənlər üçün də mümkündür. Tarix dərsində müəyyən hadisənin səbəbləri hazır formada təqdim edilmək əvəzinə, müxtəlif tarixi mənbələr şagirdlərə təqdim edilə bilər. Onlar mənbələrin etibarlılığını müqayisə edir, müəllif mövqeyini müəyyənləşdirir, fərqli məlumatları qarşılaşdırır və hadisənin səbəbləri haqqında öz əsaslandırılmış qənaətlərini formalaşdırırlar.
Bu fəaliyyətlər təhsilalanın tədqiqat mədəniyyətini formalaşdırır. Tədqiqat mədəniyyəti yalnız ali təhsil və elmi fəaliyyət üçün lazım olan bacarıq deyil. Müasir insan gündəlik həyatda da çoxsaylı informasiya ilə qarşılaşır və həmin informasiyanın düzgünlüyünü qiymətləndirməli, müxtəlif mövqeləri müqayisə etməli və əsaslandırılmış qərar verməli olur. Buna görə də məktəb səviyyəsində tədqiqat yönümlü fəaliyyətin təşkili gələcək vətəndaşın intellektual müstəqilliyinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
OECD-nin “Learning Compass 2030” çərçivəsində təhsilalanın məqsəd müəyyənləşdirməsi, refleksiya aparması və məsuliyyətli fəaliyyət göstərməsi “student agency” (tələbə agentliyi) anlayışı ilə əlaqələndirilir. Bu konsepsiyada təhsilalanın öz öyrənməsinə sahib çıxması və onun istiqamətinə təsir göstərə bilməsi vacib hesab olunur.
Burada kəşf və tədqiqat anlayışlarını bir-birindən fərqləndirmək də vacibdir. Kəşf daha çox təhsilalanın əvvəldən bilmədiyi əlaqə və ya nəticəni öz fəaliyyəti vasitəsilə üzə çıxarması ilə bağlıdır. Tədqiqat isə məqsədli sualın qoyulması, məlumatların toplanması, onların təhlili və nəticənin əsaslandırılması kimi daha sistemli fəaliyyəti nəzərdə tutur. İnnovativ pedaqogika bu iki istiqamətin əlaqələndirilməsinə şərait yaratmalıdır.
Bu səbəbdən innovativ dərsdə problem situasiyası, layihə, tədqiqat tapşırığı, debat, diskussiya, case-study (hadisə araşdırması), eksperiment, müşahidə, modelləşdirmə və layihə təqdimatı kimi fəaliyyət formalarının tətbiqi məqsədəuyğundur. Lakin burada da metodların özünü məqsədə çevirmək olmaz. Hər hansı metod yalnız o halda innovativ xarakter daşıyır ki, təhsilalanın düşünmə, araşdırma, əməkdaşlıq və müstəqil qərarvermə fəaliyyətini gücləndirsin.
Beləliklə, təhsilalanın fəaliyyətinin kəşf və tədqiqat xarakteri daşıması innovativ pedaqogikanın mühüm şərtidir. Lakin təhsilalanın müstəqil fəaliyyətə keçməsi müəllimin prosesdən kənarlaşması demək deyil. Əksinə, belə bir təlim prosesində müəllimin peşəkarlığı daha çox əhəmiyyət qazanır. Çünki təhsilalanın müstəqilliyini təmin etmək üçün müəllim düzgün istiqamət seçməli, fəaliyyətin mərhələlərini planlaşdırmalı, zəruri resursları müəyyənləşdirməli və vaxtında pedaqoji dəstək göstərməlidir.
Müəllimin fəaliyyətinin istiqamətverici və koordinasiyaedici xarakter alması
Təhsilalanın fəallığının artması müəllimin funksiyalarının da dəyişməsinə səbəb olur. İnnovativ pedaqogikada müəllim artıq yalnız informasiya ötürən şəxs deyil. O, təlimin dizayneri, fasilitatoru, mentor, məsləhətçi, istiqamətverici və koordinator funksiyalarını yerinə yetirir.
Müəllimin istiqamətverici funksiyası təhsilalanın fəaliyyətinin məqsədyönlü təşkil edilməsini nəzərdə tutur. Təhsilalanın sərbəstliyi nəzarətsiz fəaliyyət demək deyil. Əgər təhsilalana “özün araşdır” deyilir, lakin problemin qoyuluşu, məqsəd, resurslar, fəaliyyət mərhələləri və qiymətləndirmə meyarları aydınlaşdırılmırsa, bu, innovativ təlim deyil, sadəcə fəaliyyətin təhsilalanın üzərinə keçirilməsidir.
Buna görə də müəllim, ilk növbədə, öyrənmə mühitini layihələndirməlidir. O, hansı problemi təqdim edəcəyini, hansı sualların təhsilalanı düşünməyə sövq edəcəyini, hansı mənbələrdən istifadə olunacağını, fərdi və qrup fəaliyyətlərinin necə təşkil ediləcəyini, nəticənin hansı meyarlarla qiymətləndiriləcəyini müəyyənləşdirməlidir.
OECD-nin 2025-ci ildə yayımladığı “Teaching Compass” yanaşması bu dəyişikliklə xüsusilə səsləşir. Sənəddə müəllimin gələcəyin təhsilində sadəcə dəyişikliklərə uyğunlaşan icraçı deyil, kurikulumun həmmüəllifi, adaptiv ekspert və dəyişikliklərin aparıcı qüvvəsi kimi nəzərdən keçirilməsinin vacibliyi vurğulanır. Eyni zamanda müəllim avtonomiyasının, peşəkar səriştələrin və müəllimin öz fəaliyyətinə təsir imkanlarının gücləndirilməsi ön plana çəkilir.
Deməli, innovativ pedaqogikada müəllimin funksiyasının dəyişməsi onun rolunun zəifləməsi yox, peşəkar məzmununun zənginləşməsi deməkdir. Müəllim daha az danışa, lakin daha çox pedaqoji qərar verə, daha az hazır cavab təqdim edə, lakin daha çox düşünmə şəraiti yarada, daha az nəzarət edə, lakin daha çox koordinasiya edə bilər.
Müəllimin koordinasiyaedici funksiyası xüsusilə qrup və layihə işlərində aydın görünür. Qrup fəaliyyətində müəllim bütün tapşırıqları özü həll etmir. O, qrup üzvlərinin funksiyalarının bölüşdürülməsinə, əməkdaşlığın təşkilinə, fikir mübadiləsinə və ümumi nəticənin formalaşdırılmasına şərait yaradır. Beləliklə, müəllim təlim prosesinin birbaşa icraçısından daha çox onun memarına və təşkilatçısına çevrilir.
UNESCO da gələcəyin təhsilində əməkdaşlıq və birgə fəaliyyətin əhəmiyyətini xüsusi vurğulayır. Təşkilatın yanaşmasına görə, müəllimlərin öz fəaliyyətində də əməkdaşlıq, refleksiya, tədqiqat və yeni pedaqoji təcrübələrin yaradılması mühüm yer tutmalıdır.
Bu baxımdan innovativ müəllim özü də öyrənən müəllim olmalıdır. Çünki dəyişən təhsil mühitində müəllimin bir dəfə əldə etdiyi bilik və metodik repertuar bütün peşə həyatı üçün kifayət etmir. Müəllim yeni tədqiqatları izləməli, öz dərslərini təhlil etməli, təhsilalanların əks-əlaqələrini nəzərə almalı, yeni metodları sınaqdan keçirməli və uğurlu nəticələri sistemləşdirməlidir.
Belə müəllim öz fəaliyyətinə “Mən bu mövzunu necə izah etdim?” sualı ilə yanaşı, “Təhsilalan bu mövzuda nə etdi?”, “Nəyi özü kəşf etdi?”, “Hansı çətinliklə qarşılaşdı?”, “Mənim müdaxiləm onun müstəqilliyini artırdı, yoxsa azaltdı?” sualları ilə də yanaşır. Bu suallar müəllimin reflektiv fəaliyyətinin əsasını təşkil edir.
Nəticə etibarilə, innovativ pedaqogikada müəllim və təhsilalan arasında yeni tip əməkdaşlıq formalaşır. Təhsilalanın müstəqilliyi artdıqca müəllim özünü təlim prosesindən kənara çəkmir. Əksinə, daha yüksək səviyyəli pedaqoji rəhbərlik həyata keçirir. O, öyrənmənin məqsədini və istiqamətini müəyyənləşdirir, şəraiti yaradır, resursları əlaqələndirir, prosesə müşahidəçi kimi nəzarət edir, ehtiyac yarandıqda müdaxilə edir və təhsilalanın inkişafını dəstəkləyir.
Bu dəyişikliklərin məntiqi nəticəsi isə daha geniş bir yeniliyi - təhsilin məzmununun və təlim prosesinin özünün yenidən qurulmasını tələb edir. Çünki müəllimin və təhsilalanın funksiyaları dəyişirsə, əvvəlki məzmun, əvvəlki dərs modeli, əvvəlki təşkilati formalar və yalnız nəticəyə yönəlmiş qiymətləndirmə sistemi də olduğu kimi qala bilməz.
Beləliklə, innovativ pedaqogikanın yaranmasının məntiqi zəncirində bir-biri ilə bağlı dörd mühüm dəyişiklik müşahidə olunur: öyrənmə marağı dəyişir’təhsilalanın rolu dəyişir’ müəllimin funksiyası dəyişir ’ təlim prosesinin bütün quruluşunun yenilənməsi zərurəti yaranır. OECD-nin müasir təhsil çərçivələri də tələbə agentliyini, birgə fəaliyyəti və müəllim agentliyini bir-biri ilə əlaqəli proseslər kimi təqdim edir. Bütün bunlar bizə artıq yeni təhsil erasının başlandığını, XXI əsrin bacarıqlarına əsaslanan təhsilin və onun fonunda müasir pedaqoji düşüncənin formalaşdığını göstərir. Bu isə öz növbəsində təlim və tədris yanaşmalarında dəyişikliklərin aparılmasını, müasir təhsil prosesinin elmi-pedaqoji əsaslarını təşkil edən innovativ pedaqogikanın yaradılmasını tələb edir.
Ənvər Abbasov,
Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim




