“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu

18 Sentyabr, 2026 - 17:29
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "PeşəFest-2026" layihəsinə başlanıb və layihə üzrə ilk tədbir Sumqayıt şəhərində keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, millət vəkilləri Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Səbinə Salmanova və Elnarə Akimova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında bildirib ki, Sumqayıtın sənaye potensialının genişlənməsi yeni və müasir peşələrə, ixtisaslı kadrlara olan tələbatı artırır. Bu baxımdan “PeşəFest” gənclərin əmək bazarının tələbləri barədə məlumatlandırılmaları, müxtəlif peşələrlə yaxından tanış olmaları və gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirmələri baxımından əhəmiyyətli platformadır.

Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli çıxışında “PeşəFest-2026”nın birinci olaraq Sumqayıt şəhərində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini, onun Azərbaycanın ikinci sənaye şəhəri və yüksək texnologiyalar üzrə ciddi potensiala malik olmasını qeyd edib. Rektor bu potensialın effektiv reallaşdırılması üçün insan kapitalına ehtiyac duyulduğunu, insan kapitalının əsas hissəsini isə peşə təhsilinin təşkil etdiyini vurğulayıb.

Çıxış üçün söz alan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihə olduğunu, festivalın gənclərin və şagirdlərin peşə seçimlərinə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək verdiyini bildirib.

Millət vəkilləri çıxışlarında gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsinin, əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnmələrinin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, bu istiqamətdə həyata keçirilən layihələr, həm fərdlərin karyera imkanlarına, həm də ölkənin əmək bazarının inkişafına mühüm töhfə verir. Çıxış edənlər “PeşəFest” kimi təşəbbüslərin peşələri tanıtmaq, işəgötürənlərlə işaxtaranlar arasında əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

Qeyd edək ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Fürsətdən istifadə edərək biz də Kimyaçılar Sarayının qarşısında açıq havada təşkil olunan “PeşəFest-2026” festivalında təqdim olunan şirkətlərin stendlərinə yaxınlaşıb onlar barədə məlumat aldıq.

Məqsəd gəncləri kibertəhdidlər barədə məlumatlandırmaqdır   

"Cyber Forensics" şirkətinin həmtəsisçisi və kibertəhlükəsizlik üzrə mütəxəssisi Aynur Fətəliyeva məlumat verir ki, təmsil etdiyi Azərbaycan şirkəti qlobal şirkətdir və beynəlxalq lisenziyaya malikdir, Azərbaycan, Qətər, Dubay və ABŞ-də rəsmi fəaliyyəti, 83 ölkədə nümayəndəliyi var: "“PeşəFest-2026”də iştirakımızda məqsəd kibertəhlükəsizlik mütəxəssislərinin Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılmış bu imkanlardan yararlanmalarını təmin etmək, kibertəhdidlərlə, kiberhücumlarla bağlı şagirdləri, tələbələri və digər iştirakçıları məlumatlandırmaqdır".

“Festivalda peşələr haqqında yenilikləri öyrənmək bizlər üçün önəmli oldu” 

Fidan Şahlarzadə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin VIII sinif şagirdidir. Bildirir ki, robototexnika mühəndisliyi sahəsinə maraq göstərir: "Festivalda peşələr haqqında yenilikləri öyrənmək və onları təcrübədə görmək bizlər üçün çox önəmli oldu. Festivalda bu sahəyə aid çox maraqlı məlumatlar əldə etdim".

Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əli Həmzəyev hərbi sahə ilə maraqlanır: "Böyük şəhərlərimizdə belə festivalların keçirilməsini çox müsbət qarşılayıram. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatları, dronlar, silah modellərini gələcək nəslə tanıtdırmaq önəmlidir və burada hərbi sahə ilə bağlı çox yeniliklərlə tanış oldum".

 
“PeşəFest-2026” 11  peşəni gənclərə tanıdır 
  
Məlumat üçün bildirək ki, “PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Növbəti “PeşəFest-2026” sentyabr ayının 22-də Quba şəhərində Heydər Əliyev parkında keçiriləcək. 

“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu
“PeşəFest-2026”nın ilk ünvanı Sumqayıt oldu