Müəllim sosial şəbəkə paylaşımının ictimai təsirini nəzərə almalıdır – AGMA sədri

29 Oktyabr, 2026 - 10:28
Müəllim sosial şəbəkə paylaşımının ictimai təsirini nəzərə almalıdır – AGMA sədri

“Müəllim cəmiyyətin etimad göstərdiyi, şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan və davranışları ilə nümunə olan peşə sahibidir. Bu nümunəvilik yalnız sinif otağı və məktəb mühiti ilə məhdudlaşmır. Müasir dövrdə sosial şəbəkələr də müəllimin ünsiyyət mədəniyyətinin, peşəkar mövqeyinin və ictimai məsuliyyətinin nümayiş olunduğu mühüm platformalardan birinə çevrilib”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova deyib.

Onun sözlərinə görə, “Müəllimlərin etik davranış qaydaları”nda müəllimin mədəni davranış, vicdanlılıq, peşəkarlıq, qərəzsizlik, ictimai etimad və konfidensiallıq prinsiplərinə əməl etməsi xüsusi vurğulanır: “Bu prinsiplər rəqəmsal mühitdə də müəllimin davranışına istiqamət verməlidir. Müəllim sosial şəbəkələrdə paylaşım edərkən, fikir bildirərkən və müzakirələrə qoşularkən sözünün və davranışının şagirdlərə, valideynlərə, həmkarlarına və bütövlükdə cəmiyyətə mümkün təsirini nəzərə almalıdır.

İlk növbədə, müəllimin sosial şəbəkələrdəki fəaliyyəti qarşılıqlı hörmətə, nəzakətə və məsuliyyətli ünsiyyətə əsaslanmalıdır. Tənqidi fikirlər səsləndirmək, mövcud problemlərə münasibət bildirmək hər kəs kimi müəllimin də təbii hüququdur. Əsas məsələ fikrin hansı formada ifadə edilməsidir. Tənqid təhqirə, şəxsi münasibətlər üzərindən münaqişəyə, fərqli düşüncəyə qarşı dözümsüzlüyə çevrilməməlidir. Müəllim müzakirələrdə emosional davranışdan çəkinməli, faktlara əsaslanmalı, şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır.

Digər mühüm məsələ məxfiliyin qorunmasıdır”

P.Qədimova qeyd edib müəllimin şəxsi həyatı ilə peşə fəaliyyəti arasında sərhədlər mövcud olsa da, onun ictimai davranışı peşəsinə olan etimada təsir göstərə bilər:

“Bununla belə, müəllimin hər bir şəxsi paylaşımını avtomatik olaraq etik pozuntu kimi qiymətləndirmək düzgün yanaşma olmaz. Qiymətləndirmə konkret davranışın məzmununa, şəraitinə, hüquqi və etik normalara uyğunluğuna əsaslanmalıdır.

Əsas prinsip budur: müəllim sosial şəbəkələrdə də öz peşəsinin nüfuzunu qorumaqla yanaşı, məsuliyyətli fikir ifadə etmək, fərqli mövqelərə hörmətlə yanaşmaq və sağlam rəqəmsal ünsiyyət mədəniyyəti formalaşdırmaq nümunəsi göstərməlidir. Müəllimin nüfuzu onun yalnız nəyi öyrətməsi ilə deyil, özünün necə davranması ilə də formalaşır”.

Müsahibimiz vurğulayıb ki, müəllimlərin etik davranış qaydalarına əməl etməsi təhsil müəssisəsində sağlam pedaqoji mühitin, qarşılıqlı etimadın və təhsilin keyfiyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu qaydaların pozulması halları aşkar edildikdə isə məsələyə nə laqeyd yanaşmaq, nə də araşdırma aparılmadan tələsik qərar vermək olar. Burada əsas yanaşma obyektivlik, ədalətlilik, şəffaflıq və məsuliyyət prinsiplərinə söykənməlidir.

“Müəllimlərin etik davranış qaydaları”nın 6-cı bölməsinə əsasən, hər bir müəllim müəyyən edilmiş etik normalara əməl etməyə borcludur. Təhsil müəssisəsinin rəhbəri isə bu qaydalara riayət olunmasına nəzarət etməli, müəllimlərin davranışını təhlil etməli, pozuntuların qarşısının alınması üçün tədbirlər görməli və zəruri hallarda intizam məsuliyyətinə cəlb edilməsi istiqamətində müvafiq addımlar atmalıdır.

İlk növbədə, ehtimal olunan pozuntu barədə məlumat obyektiv şəkildə araşdırılmalıdır. Hadisənin mahiyyəti, başvermə şəraiti, mövcud faktlar və tərəflərin izahatları nəzərə alınmalı, qərar şəxsi münasibətlərə, şayiələrə və ya sosial şəbəkələrdə formalaşmış ictimai rəyə əsaslanmamalıdır. Hər bir müəllimin öz mövqeyini bildirmək imkanı olmalı, araşdırma qərəzsiz və ədalətli aparılmalıdır”.

AGMA sədri bildirib ki, pozuntunun xarakterindən və ağırlığından asılı olaraq, qabaqlayıcı və maarifləndirici tədbirlərdən tutmuş intizam məsuliyyəti tədbirlərinə qədər müxtəlif yanaşmalar tətbiq oluna bilər:

“Bəzi hallarda müəllimlə fərdi söhbətin aparılması, etik qaydaların izah edilməsi, metodiki dəstəyin göstərilməsi və davranışın düzəldilməsi üçün tövsiyələrin verilməsi məqsədəuyğun ola bilər. Lakin ciddi pozuntular, xüsusilə şagirdin hüquqlarına, şərəf və ləyaqətinə, təhlükəsizliyinə və məxfiliyinə zərər vuran hallar müvafiq qaydada araşdırılmalı və hüquqi əsaslar olduqda intizam tədbirləri ilə nəticələnməlidir.

Burada xüsusi vurğulamaq istərdim ki, etik davranış qaydalarının tətbiqi yalnız müəllimin cəzalandırılmasına yönəlmiş mexanizm kimi başa düşülməməlidir. Məqsəd, ilk növbədə, pozuntuların qarşısını almaq, müəllimlərdə peşə məsuliyyətini gücləndirmək, təhsilalanların hüquqlarını qorumaq və məktəbdə sağlam münasibətlər sistemini təmin etməkdir. Eyni zamanda, pozuntuya yol vermiş müəllimin səhvini dərk etməsi, nəticələri aradan qaldırması və ictimai etimadın bərpası istiqamətində addımlar atması da əhəmiyyətlidir”.