Müəllim və şagirdlərin nəzərinə: TKT imtahanına qeydiyyat aparılır

18 Oktyabr, 2024 - 16:44

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir.

Mərkəzdən “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahan “TKT Modul 1”, “TKT Modul 2”, “TKT Modul 3”, “TKT Modul YL” (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), “TKT Modul CLIL” (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) üzrə təşkil edilir. İmtahan vermək üçün noyabrın 6-dək qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir.

Əlavə məlumat üçün international@dim.gov.az ünvanına yazmaq olar.