Müəllimlər dərslərdə oyunlaşdırmadan necə istifadə edirlər? – Sorğu
Müasir təhsil mühitində şagirdlərin dərsə marağının artırılması, fəallığının təmin olunması müəllimlərin əsas hədəflərindən biridir. Bu məqsədlə tədris prosesində geniş tətbiq olunan metodlardan biri də oyunlaşdırmadır.
“Azərbaycan müəllimi” olaraq müəllimlər arasında apardığımız kiçik sorğu göstərir ki, təlim prosesinə oyun elementlərinin daxil edilməsini nəzərdə tutan oyunlaşdırma dərs prosesində getdikcə daha geniş yer tutur və müəllimlər bu yanaşmanın faydasını real təcrübədə görürlər.
Lənkəran rayon Liman şəhər V.Həsənov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Xasiyeva bildirir ki, dərslərində oyun elementlərindən daim istifadə edir: “Xüsusilə, ədəbiyyat dərslərində, Azərbaycan dili dərsində mətnlər üzrə iş mövzularında rollu oyunlar, qrup yarışları və s. təşkil edirəm. Bədii əsərlərdə hər hansı bir epizodu rollu oyunlar vasitəsilə canlandırmaq, qrup işləri üzrə yarışlar və s. keçirmək şagirdlərə maraqlı gəlir”.
Onun fikrincə, bu üsul şagirdlərin dərsə münasibətində də ciddi dəyişiklik yaradır: “Şagirdlərin dərsə marağını və fəallığını artırır, onlar arasında əməkdaşlıq münasibətləri möhkəmlənir, bir-birindən müxtəlif bacarıqları öyrənirlər. Çünki canlı izləyərək öyrənmə şagird üçün maraqlı, əyləncəli, həm də faydalıdır. Oxumağa həvəsli olmayan şagirdlər bu cür tapşırıqlarda daha aktivdir”.
Rəqsanə Xasiyeva oyun əsaslı təlim zamanı bəzi çətinliklərin də olduğunu gizlətmir: “Ciddi bir çətinlik olmur, ancaq rollu oyunlar zamanı müxtəlif əyani vəsaitlərdən (hər hansı bir dövrə aid geyim, əşyalar və s.) istifadə etmək lazım gəlir. Bəzən lazım olan materialları tapmaqda çətinlik çəkirik”.
Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İnara Məmmədova da dərslərində oyunlaşdırmadan istifadə etdiyini bildirir: “Dərslərimdə oyunlaşdırma üsullarından istifadə edirəm. Əsasən oxu dərsi zamanı rollu oyunlar oynayırıq”.
Onun sözlərinə görə, bu üsul şagirdlərin mövzunu qavramasına kömək edir: “Bu zaman şagirdlər mövzunu daha yaxşı anlayırlar, öz sevdikləri qəhrəmanları təsvir etmək onlara daha maraqlı olur”.
Müəllim oyunlaşdırmanın yaş xüsusiyyətləri ilə əlaqəsinə də diqqət çəkir: “Bu üsullardan əksər dərslərdə istifadə etmək olar. 3-4-cü siniflərdə daha geniş istifadə edirəm, çünki bu yaşda uşaqlarda söz bazası, dünyagörüşü daha inkişaf etmiş olur”.
Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi, eyni zamanda STEAM və rəqəmsal bacarıqlar fənnini tədris edən Gülər Bayramova oyunlaşdırmadan aktiv şəkildə istifadə etdiyini deyir: “Oyunlaşdırmanın bütün formalarından aktiv şəkildə istifadə edirəm. Hətta bəzən uydurma oyunlar da qururam”.
G.Bayramova qeyd edir ki, oyun uşaqları dərsdə daha fəal edir: “Oyunlaşdırma fəallığı artırmağa kömək edir. Çünki uşaqlar oyun zamanı daha aktiv olur və rəqabət hissi beyinlərini aktiv çalışmaya yönləndirir. Mövzunu mənimsəmələrinə kömək edir, çünki oyun zamanı onlar əməkdaşlıq, cəldlik, təkrar edirlər”.
O, oyunlaşdırmanın tətbiqində əsas çətinliyi vaxt amili ilə əlaqələndirir: “Vaxt azlığı əsas problem olur. Mən bəzən əvvəlcədən valideynlərə məlumat verib, şagirdləri 1 saat gec göndərirəm evə”.
Gülər müəllim oyunlaşdırmanı bütün dərslər üçün mümkün hesab edir və bu üsulu bütün həmkarlarına tövsiyə edir: “Oyunlaşdırma həm öyrənməni asanlaşdırır, həm də şagirdlər yorulmur. Ən əsası, uşaqlar artıq fərqli öyrənmə mühiti istəyirlər”.
Müəllimlərin fikirlərindən aydın olur ki, oyunlaşdırma dərs prosesini daha maraqlı, canlı və şagirdyönümlü edir. Müasir tədrisin əsas tələblərindən biri olan bu yanaşma həm motivasiyanı artırır, həm də biliklərin daha asan və qalıcı mənimsənilməsinə şərait yaradır.



