Yeni modeldə abituriyent hazırlığı proqramı X-XI siniflərə gətirilib – Vəfa Yaqublu
"Yeni təmayül tədris modelinin fərqi odur ki, abituriyent hazırlığı proqramı X-XI siniflərə gətirilib. Sentyabrda dərsə başlayan şagird VI sinif materialından başlayır və 2 il ərzində VI-XI sinif materiallarını öyrənir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsil TV-nin efirində yayımlanan "Özəl müsahibə" verilişində deyib.
Onun sözlərinə görə, tədris zamanı sınaq imtahanları keçirilir, şagirdlərin açıq və qapalı suallarla işləməsi təmin olunur: "Yeni təmayül tədris modeli cəmiyyətin çoxdan müzakirə etdiyi, narazı qaldığı problemin həllinə yönəlib. X-XI siniflərin təmayül üzrə təhsil almasına 10 ildir ki, başlamışıq. Lakin ötən illərdə belə təmayül siniflərdə müəllim seçiminə diqqət etmirdik.
Əvvəlki təmayül modelində də şagirdlər repetitor hazırlığına üz tutur, məktəbə maraq göstərmirdilər".
Direktor müavini qeyd edib ki, yeni təmayül tədris modeli tətbiq edilən məktəblərdə həftəlik dərs yükü 35-36 saatdır və tədrisə cəlb edilənlər öyrətməyi bacaran müəllimlərdir.
O həmçinin bildirib ki, bu məktəblərdə əsas fənlərin tədrisinə daha çox saat ayrılır: "Dövlət standartının tələb etdiyi Azərbaycan tarixi, informatika, fiziki tərbiyə, çağırışaqədərki hazırlq fənləri də tədris olunur. Bu fənlər şagirdlərdə əlavə bacarıq və səriştələr yaradır".




