Müəllimlər istirahətdə: ETİHİ-nin növbəti sosial dəstəyi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi müəllimlərin tabeliyindəki "Təhsil” İstirahət Mərkəzində istirahəti üçün imkan yaradır. Burada onlar bir neçə gün ərzində gündəlik iş rejimindən uzaqlaşaraq dincəlmək imkanı əldə edirlər.
Tədris ilinin gərgin və məsuliyyətli günlərindən sonra müəllimlər üçün yaradılan istirahət imkanı onları mənəvi olaraq yeniləyir.
İstirahət mərkəzində müəllimlər üçün sakit və rahat mühit, həmçinin asudə vaxtlarını keçirmək üçün müxtəlif imkanlar var. Burada keçirilən günlər yalnız istirahətlə deyil, həm də həmkarlarla ünsiyyət, fikir mübadiləsi və yeni tədris ili üçün enerji toplamaqla yadda qalır.
Müəllimlər bildirirlər ki, belə təşəbbüslər onların əməyinə verilən dəyərin göstəricisidir. Hər gün yüzlərlə şagirdin təhsil və tərbiyəsi ilə məşğul olan müəllimlərin də istirahətə, diqqət və qayğıya ehtiyacı var.
İstirahət mərkəzində təşkil olunan müxtəlif proqramlar müəllimlərin asudə vaxtlarını daha maraqlı keçirməsinə şərait yaradır.
Bu cür layihələr müəllimlərin motivasiyasının artırılması və onların sosial rifahının dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Müəllimlər üçün yaradılan bu şərait həm də onların peşə fəaliyyətinə daha yüksək əhvali-ruhiyyə ilə qayıtmasına imkan verir.
Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumi təhsil məktəbin direktor müavini Mirzəyeva Təranə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Göyçay Rayon Komitəsinə təşəkkürünü bildirib:
"Təhsil sahəsində çalışan insanların sosial rifahının yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və mənəvi motivasiyasının artırılması istiqamətində həyata keçirilən bu cür təşəbbüslər bizim üçün olduqca dəyərlidir. Bu gün "Təhsil" İstirahət Mərkəzində yaradılan şərait və bizə göstərilən qayğı hər birimiz tərəfindən böyük məmnunluqla qarşılanır.
Əminik ki, burada keçirdiyimiz günlər bizə yeni enerji, xoş təəssüratlar və gələcək fəaliyyətimiz üçün əlavə stimul qazandıracaq. Müəllim əməyinə verilən bu yüksək dəyərə görə ETİHİ Göyçay Rayon Komitəsinin rəhbərliyinə və bu işdə əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk".
İllərlə Nəsimi rayon 19 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi kimi çalışmış Səmidə Hacıyeva bildirib ki, bu ildən təqaüdə çıxsa da, istirahət mərkəzində xoş asudə vaxt keçirə bilir:
"Yaradılan şəraitdən çox məmnunam. Özümü xoşbəxt sanıram ki, müəllim əməyinə qiymət verərək ödənişsiz istirahət etməyə şərait yaradırlar".
Şabran rayonundan gələn müəllim Günel Heybətova da yaradılan şəraitdən məmnun olduğunu bildirib:
"20 ildir ki, ibtidai sinif müəllimiyəm. Bütün fəaliyyətim boyu müəllimə qoyulan hörmət, göstərilən qayğı və sevgi göz önündə olub. Mərkəzdə idman zalı, akt zalı, yeməkxana və hovuz fəaliyyət göstərir. Biz müəllimlər olaraq burada bizim üçün yaradılan şəraitdən çox razıyıq. Hər axşam canlı musiqi ifaları səslənir, intellektual oyunlar keçirilir".
Başqa bir təqaüdçü Telman Mirzəxanov da onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib:
"Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarıq ki, biz təqaüdçü müəllimləri də unutmurlar. Bizə yaradılan şəraitə görə həm rəhbərliyə, həm də pedaqoji kollektivə təşəkkür edirik. Xidmətlər yüksək səviyyədədir".
Göyçay Dövlət Peşə Liseyinin müəllimi Dinar Əliyev də müəllimlərə yaradılan fürsətdən istifadə edərək dincələnlər arasındadır:
"Burada istirahətimizin gözəl keçməsi və asudə vaxtımızın səmərəli keçməsi üçün bütün şərait qurulub. Rəhbərliyə və əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm".
Kürdəmirdən olan müəllim Məhəmməd İbrahimov da asudə vaxtını digər müəllim yoldaşları ilə birlikdə keçirirdi. O, bir neçə məktəbdə birillik müqavilə əsasında çalışır:
"Yaradılan şəraitdən çox məmnunam. Burada bizə lazım olan hər şey var. Təhsil işçilərinə belə gözəl şəraitin yaradılması, göstərilən qayğının bariz nümunəsidir".
Müəllimlər axşam saatlarında da istirahətlərini musiqi sədaları altında qeyd edirlər. Kimi digər müəllim yoldaşları ilə rəqs edərək geridə qalan dərs ilinin yorğunluğunu çıxarır, kimi də canlı musiqi ifalarını dinləyərək xoş vaxt keçirir.
İstirahət mərkəzindəki ab-hava onu göstərir ki, təhsilin əsas dayaqlarından biri olan müəllimlərin əməyinə verilən qiymət onların fəaliyyətinə də müsbət təsir edir. Mərkəzdə keçirilən günlər müəllimlər üçün sadəcə istirahət deyil, həm də yeni başlanğıclar üçün enerji toplamaq fürsəti yaradır.




