Müəllimlər üçün yeni portal: Kimlər necə istifadə edə bilər?

6 Yanvar, 2026 - 12:54
Müəllimlər üçün yeni portal:

Azərbaycanda müəllimlərin peşəkar inkişafının sistemli şəkildə dəstəklənməsi məqsədilə yeni rəqəmsal platforma – Müəllim İnkişaf Portalı yaradılıb. metodist.edu.az ünvanında fəaliyyət göstərən portal müəllimlərin qiymətləndirilməsi, metodik dəstəyin gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən vahid rəqəmsal mühit kimi nəzərdə tutulub. Portalda onlarla metodik resurs yerləşdirilib və platformadan artıq minlərlə müəllim istifadə edir.

“Azərbaycan müəllimi” Müəllim İnkişaf Portalının məqsədi, funksiyaları, istifadəçi dairəsi və gələcək inkişaf perspektivləri ilə bağlı maraq doğuran suallara cavabları təqdim edir.

– Müəllim İnkişaf Portalı hansı məqsədlə yaradılıb və müəllimlər bu portalda hansı imkanlardan istifadə edə bilərlər?

– Portalın əsas məqsədi müəllimlərin peşəkar inkişafını sistemli və davamlı şəkildə dəstəkləmək, metodik dəstək fəaliyyətlərini vahid platformada birləşdirmək və tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir. Portal müəllimlər üçün dərs müşahidələrinin qeydiyyatı, metodik rəy və tövsiyələrin verilməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, metodik resurslardan istifadə və peşəkar təcrübə mübadiləsi kimi funksiyalar təqdim edir.

– Müəllim İnkişaf Portalından kimlər istifadə edə bilər və müəllimlər portalda necə qeydiyyatdan keçirlər?

– Müəllim İnkişaf Portalının əsas istifadəçiləri dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər, məktəbdaxili metodistlər, aparıcı metodistlər və direktor, direktor müavini, RTİ nümayəndəsi və metodik dəstək sistemində iştirak edən digər heyətdir. Müəllimlər portalda müvafiq qeydiyyat prosesi vasitəsilə şəxsi hesab yaradaraq portaldan istifadə edə bilirlər. Qeydiyyat müəllimlərin metodik fəaliyyətlərinin, dərs müşahidələrinin və inkişaf ehtiyaclarının sistemli şəkildə izlənməsinə imkan yaradır.

– Müəllim İnkişaf Portalından istifadə ödənişsizdirmi, yoxsa ödənişli xidmətlər də mövcuddur?

– Təqdim olunan məlumata əsasən, Müəllim İnkişaf Portalı müəllimlərin peşəkar inkişafını dəstəkləmək məqsədi daşıyır və metodik xidmət çərçivəsində istifadə üçün nəzərdə tutulub. Portalda təqdim olunan əsas funksiyalar və resurslar ödənişsiz şəkildə istifadəyə verilib.

– Portalda hazırda neçə məzmun mövcuddur və bunlar hansı istiqamətləri əhatə edir?

– Hazırda Müəllim İnkişaf Portalında metodik xidmət çərçivəsində hazırlanmış və ya toplanmış metodik resurslar mövcuddur. Bu resurslar metodik yazılar, video dərsliklər və digər tədris-metodik materiallardan ibarətdir. Məzmunlar planlaşdırma, qiymətləndirmə, fənnin tədrisi metodikası, pedaqoji nəzəriyyələr, müəllim–şagird–valideyn münasibətləri, təfəkkürün inkişafı, inklüzivlik, peşəyönümlülük, uşaq müdafiəsi və təhlükəsizliyi, eləcə də metodist fəaliyyəti istiqamətlərini əhatə edir.

– Müəllimlər gündəlik işləri üçün portalın hansı funksiyalarından (qiymətləndirmə, planlaşdırma, təlim materialları və s.) istifadə edə bilərlər?

– Müəllimlər portal vasitəsilə dərs planlaşdırılması ilə bağlı metodik materiallardan istifadə edə, qiymətləndirmə meyarlarını və formativ qiymətləndirmə yanaşmalarını öyrənə, dərs müşahidələrinə dair rəy və tövsiyələrlə tanış ola bilirlər. Eyni zamanda, portal gündəlik tədris prosesində istifadə oluna bilən təlim materialları, metodik yazılar və video resurslarla müəllimlərin peşəkar fəaliyyətini dəstəkləyir.

– Müəllim İnkişaf Portalı hazırda hansı məktəbləri və müəllimləri əhatə edir? Gələcəkdə portalın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur?

– Hazırda Müəllim İnkişaf Portalı mərhələli şəkildə tətbiq olunur və ölkə üzrə bütün müəllimləri hələlik tam əhatə etmir. Portalda qeydiyyatdan keçən istifadəçilər, əsasən, metodik xidmət göstərilən məktəblərdə çalışan müəllimlər, metodik xidmət çərçivəsində fəaliyyətə cəlb olunmuş ümumtəhsil müəssisələri, eləcə də aparıcı metodistlərin kurasiyasında olan məktəblərin pedaqoji heyətidir.
Metodik dəstək sistemi mərhələli plan əsasında genişləndirilir. Bu çərçivədə metodistlərin sayının artırılması, metodik xidmətin əhatə dairəsinin genişləndirilməsi və portalın ölkə üzrə daha çox məktəbdə tətbiqi nəzərdə tutulur.

– Portalın mobil tətbiqi varmı və ya tətbiq və mobil versiya planlaşdırılırmı?

– Hazırda Müəllim İnkişaf Portalının ayrıca mobil tətbiqi mövcud deyil. Lakin portal veb əsaslı platforma kimi fəaliyyət göstərir və müasir veb-brauzerlər vasitəsilə mobil telefon və planşetlərdən istifadəyə tam uyğundur. Növbəti mərhələlərdə portalın funksionallığının daha da genişləndirilməsi, istifadəçi rahatlığının artırılması və mümkün mobil tətbiq və ya təkmilləşdirilmiş mobil versiyanın hazırlanması nəzərdən keçirilir.