Müntəzəm və planlı hazırlığın bəhrəsi - Kənd müəllimi 59 bal topladı

18 İyun, 2026 - 19:34
Müntəzəm və planlı hazırlığın bəhrəsi - Kənd müəllimi 59 bal topladı

Cəlilabad rayonunun Müğan kənd tam orta məktəbinin təsviri incəsənət müəllimi Nuranə Ağayeva sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərərək 59 bal toplayıb.
 
Təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşən Nuranə müəllim bildirib ki, imtahana hazırlıq prosesində əsasən məktəb dərsliklərindən və kurikulum materiallarından istifadə edib. O, uğurunun əsas səbəblərindən birinin müntəzəm və planlı hazırlıq olduğunu vurğulayıb: 

"Nizamlı şəkildə məktəb dərsliklərini oxumuşam. Kənd məktəbində işləməyimə baxmayaraq, daim öz üzərimdə çalışmışam. Hər zaman öyrənməyə və yenilənməyə çalışmışam".

Müəllim kənd məktəbində fəaliyyət göstərməyin müəyyən çətinliklərinin olduğunu qeyd etsə də, şagird sevgisinin bütün çətinlikləri arxa plana keçirdiyini deyib:

"Şərait baxımından kənd məktəbində işləmək çətindir. Amma insanın onu sevən şagirdləri varsa, şərait ikinci planda qalır".

Onun sözlərinə görə, müəllimlik fəaliyyətində əsas məqsədi şagirdlərlə birgə araşdırmalar aparmaq, onların maraq və tələbatlarını öyrənərək inkişaflarına dəstək olmaqdır. Sertifikatlaşdırma imtahanına hazırlaşan həmkarlarına da tövsiyələrini bölüşən Nuranə müəllim müəllimlərin öz fənlərini sevmələrinin və daim üzərlərində işləmələrinin vacibliyini vurğulayıb:

"Müəllimlərə tövsiyəm budur ki, öz fənlərini sevsinlər, daim öz üzərlərində işləsinlər və özlərinə inansınlar. Hər şey inanmaqdan başlayır".