MÜTDA: Elektron attestatlar hüquqi qüvvəyə malik rəsmi sənəddir

12 Avqust, 2026 - 16:36
MÜTDA: Elektron attestatlar hüquqi qüvvəyə malik rəsmi sənəddir

Azərbaycanda attestat və diplomların elektron formada təqdim edilməsinə başlanılıb. Yenilik bəzi valideynlərdə suallar yaradıb. Əsas maraq doğuran məqamlar elektron sənədin hüquqi qüvvəsi, harada qəbul olunması və kağız attestatın verilib-verilməməsidir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri- attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub.

Qeyd edilib ki, attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.

Vətəndaşlar attestatlarını mygov.az platformasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən təhsil sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər.

Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.