Nailiyyətlərimə görə yoldaşlarımla apardığım sağlam rəqabətə borcluyam – Mühəndis qız
Bu gün dünyada Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi qeyd edilir. Bu gün qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını, iştirakını təşviq etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə təsis edilib.
Mühəndis qız
“Azərbaycan müəllimi”ndə dövlətin yaratdığı bir çox imkanları, qarşısına çıxan əsas fürsətləri dəyərləndirərək inkişafda olan bir qadın mühəndisi təqdim edirik. Adı Nərmin Mamedovadır. SOCAR nəzdində Heydər Əliyev adına Neft Emalı zavodunda “APC Engineer” (Təkmilləşdirilmiş prosesə nəzarət üzrə mühəndis) vəzifəsində çalışır. Deyir ki, bir ailədə qadın savadlıdırsa, övladları da, adətən savadlı və çalışqan olurlar. Onun ailəsində də məhz belə olub: “Bacımla mənim oxumağımızda anam həlledici amillərdən oldu. Dərslərimizə o nəzarət etdi, yeri gələndə bizə kömək etdi, yeri gələndə, sadəcə yol göstərdi, bəzən də bir sözü ilə motivasiya etdi. Mənim də ən böyük nümunəm, bənzəməyə çalışdığım məhz onlar oldu: kitabı sevən anam və onun yoluyla irəliləyən bacım”.
Təhsil rəqabəti sevir: “Müvəffəqiyyət zamanla hədəfimə çevrildi”
Onu uğurdan uğura aparan başqa bir amil də var: “Oxumağa həvəsli uşaq olmuşam. Dərslərimdə yüsək nəticələr əldə etmişəm. Buna həm də rəqabətlə nail olmuşam. Həyatda qazandığım bir çox nailiyyətlərimə görə istər orta ümumtəhsil məktəbində, istərsə də universitetdəki yoldaşlarımla apardığım sağlam rəqabətə borcluyam. Məktəb illərində müvəffəqiyyət mənim üçün, sadəcə həvəs idisə, zamanla hədəfimə çevrildi. Hədəfim yüksək bal toplayaraq istədiyim universitetdə oxumaq, arzuladığım peşəyə yiyələnmək idi”.
Arzuladığı peşə ilə bağlı qəti qərar vermək isə o qədər sadə deyildi. Əvvəlcə o da tərəddüd edib: “Hansı peşəni seçəcəyimlə bağlı qərarsızlıq oldu. Çünki uşaqlığımdan rəssamlığa böyük marağım vardı. Böyüdükcə marağımı qorxularım əvəz etdi. Məşğul olarkən mənəvi dinclik tapdığım bu məşğuliyyətimə pul mənbəyi kimi baxmaq fikrindən vaz keçdim. Pul qazanmaq təlaşıyla bu sahəyə qarşı olan həvəsimi və sevgimi itirə bilərdim. Ona görə də X-XI siniflərdə daha məsuliyyətlə düşünməyə başladım. Seçəcəyim yol elə bir yol olmalıydı ki, Azərbaycanda rahat yaşamaq imkanı qazandırsın – həm pul qazanmağımda çətinliyim olmasın, həm də hər gün işə həvəslə gedim”.
Bu məqsədə çatması üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərməli idi ki, həlledici qərarı verməsində nəticələri ona mane olmasın, arzusu xülyaya yox, çatdığı hədəfə çevrilsin: “2019-cu ildə keçirilən qəbul imtahanında 648.2 bal toplayaraq yüksək nəticə göstərdim. Bu da mənə universitet və ixtisas seçimində üstünlük qazandırdı”.
Buna baxmayaraq, “Məsləhətli don gen olar”, - deyib balının verdiyi şansı sözünə güvəndiyi insanların məsləhəti ilə daha da artırmağa qərar verib: “Müəllimlərimin məsləhəti ilə Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. Kodlaşdırma zamanı ilk sırada qeyd etdiyim və arzuladığım ixtisasa qəbul olundum”.
“Rəqabətli iş mühitində önə çıxmalıyam”
Arzulamaq, arzuladığın yerə yüksək balla çatmaq hər şeyin asan olacağı anlamına gəlmir. Nərminin də çətin günləri başlayıb: “Universitet illəri o qədər də asan keçmədi. Ümumiyyətlə, müşahidələrimə görə, çoxlarında belədir, asan olmur. Hətta öz seçimindən şübhə etməyə başlayırsan, ixtisas seçimi zamanı məğlub etdiyin qərarsızlıq yenidən baş qaldırır. Çünki hər bir abituriyent sevərək seçdiyi ixtisası real iş mühitində öyrənəcəyini düşünür, təcrübə görmədikləri üçün davam edib-etməməkdə qərarsız qalırlar. Mən də qərarsız idim. Keçilən dərslərin keyfiyyətindən razı qalsam da, hələ də real iş mühitini görmədən əmin ola bilmirdim”.
O da qərarını möhkəmləndirəcək işlərə girişib: “Bakı Ali Neft Məktəbinin təcrübə proqramlarında iştirak etməyə başladım. SOCAR və başqa nüfuzlu şirkətlərdə qatıldığım təcrübələr sayəsində nəinki real iş mühiti gördüm, həm də böyük təcrübə qazandım, ixtisasımın incəliklərini öyrəndim”.
Bu təcrübələr peşəsi ilə bağlı qərar verməyinə kömək edib: “İxtisasıma olan əminliyim, həvəsim artmağa başladı. Anladım ki, sadəcə universitetdə öyrəndiklərimlə kifayətlənməməliyəm. Özümü inkişaf etdirməli və rəqabətli iş mühitində önə çıxmalıyam”.
Həvəsi onu bankçılığa aparıb çıxarıb
Araşdırmağa başlayıb, özünü daha necə inkişaf etdirə biləcəyinin yollarını axtarıb: “Gənclər üçün mövcud proqramları araşdırdım. Dövlətin və özəl şirkətlərin tələbələr üçün təşkil etdiyi faydalı proqramlarla rastlaşdım. İxtisasımla yanaşı, yumşaq bacarıqlarımı inkişaf etdirə biləcəyim proqramlara da baş vurdum. İlk qoşulduğum proqram banklardan birinin şəhid Rauf Əliyev adına təqaüd proqramı oldu. Bu təqaüd üçün cəmi 10 tələbənin seçilməsi və məhz 10 tələbədən biri olmağım məni xoşbəxt etdi, böyük stimul verdi. İlk və ən böyük uğurum bu oldu”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” proqramının müxtəlif illərdə 5 dəfə qalibi seçilib, müxtəlif istiqamətlərdə özünü sınayıb: “Technest” təqaüd proqramı sayəsində özümü fərqli sahələrdə yoxladım. “Android Mobile Development”, SQL, “Artificial Intelligence”, “Machine Learning”, “Professional Automation” kurslarına getdim. Bu kurslar mənə fərqli perspektivlərdən düşünmək imkanı verdi”.
Deyir ki, özündə olan inkişafı gördükcə daha da həvəslənib: “Dayanmaq istəmir, bacarıqlarımı daha necə artıra biləcəyimi düşünməyə başladım. Üstəlik, yalnız öz ixtisasımla maraqlanmır, fərqli sahələrə də yönəlirdim. Düşünürəm ki, illər keçdikcə yeni ixtisas sahələri yaranır. Mən də özümü yeni sahələrdə yoxlayırdım, çünki uğur qazana biləcəyim başqa bir sahə ola bilərdi. İnsan bütün ömrü boyu oxuduğu ixtisas üzrə işləmir ki. Məncə, hər gün evdən maraqla və yeni bir şey öyrənmək həvəsiylə çıxmalısan”.
Çox öyrənmək, çox təcrübə qazanmaq həvəsi onu bankçılığa gətirib çıxarıb. Fərqli banklarda bank əməliyyatlarını öyrənib, güvən qazanaraq real işlərə belə qoşulub. Hətta nüfuzlu banklardan birində (ABB) “Android Developer” kimi təcrübəyə qatılıb: “Yeni sahələri yoxlamağım öz ixtisasımı sevməməyim, başqa sahə, başqa iş axtarışında olmağım anlamına gəlmir. Səhərlər universitetdə, günortadan sonra bankda təcrübədə olur, axşam 7-dən 9-a kimi “Professional Automation” kursuna gedib ixtisasımı mühəndislərin dilindən, real iş təcrübələri ilə dinləyir, öyrənirdim. Çox yorulurdum, amma sıxıcı deyildi, olduğum hər yer yeni bacarıqlar qatırdı”.
Eyni vaxtda ayrı-ayrı istiqamətlər üzrə inkişaf edən marağı ətrafındakıların basqısı ilə də qarşılaşıb: “Qatıldığım proqramlara görə peşmanlıq hiss etməmişəm. Halbuki mənə kənardan çox basqılar olurdu. Sadəcə bir sahəyə köklənməyimi tövsiyə edir, əks halda, hər yerdə uğursuz olacağıma məni inandırmağa çalışırdılar. Amma mən fikrimdən dönmədim. Nəticədə qatıldığım hər seçim prosesindən uğurla çıxdım, çünki əldə etdiyim bacarıqlar mənə böyük üstünlük qazandırdı”.
Qadın sayı az olduğu üçün öz izinin dərin olacağına inanır
Mühəndisliyə böyük həvəsindən danışan qəhrəmanım deyir ki, mühəndislər arasında qadınların sayının az olması onu bu sahədə daha böyük iz buraxmağa sövq edib: “Mühəndislik sahəsinin çətinliklərini, müxtəlifliyini sevdim. Onun, sadəcə komputer qarşısında oturmaqdan ibarət olmadığını, eyni zamanda sahədə aparılan araşdırmalardan da ibarət olduğunu gördüm. Bu da mənim kimi hərəkətli biri üçün ideal bir iş oldu”.
Sevdiyi işini isə çoxsaylı təcrübə proqramlarında, kurslarda qazandığı bacarıqlar sayəsində əldə edib. Nərmin “Paşa Holding”in təşkil etdiyi “Əlaçı” təqaüd proqramının, SOCAR Türkiyə yay təcrübə proqramının, Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə təşkil etdiyi “Zərif mühəndislər” təqaüd proqramının qalibi olub: “Bu proqramlar müxtəlif sahələr üzrə təcrübəmi artırdı, önəmli insanlar tanımağıma, dostlar qazanmağıma səbəb oldu, yumşaq və sərt bacarıqlarımı inkişaf etdirdi. Məsələn, SOCAR-ın yay təcrübə proqramı çərçivəsində ilk real iş təcrübəmi yaşadım. Burada avtomatika mühəndisi, sonra isə İzmirdə “STAR Rafineri”də “APC Engineer” olaraq təcrübədə oldum. Bu da mənim APC (Advanced Process Control) sahəsinə olan marağımı artırdı. Türkiyədən qayıdandan sonra SOCAR tərəfindən təşkil olunan “Gənc İstedadlar” təcrübə proqramına qatıldım. 5 aylıq müddət ərzində SOCAR-ın Neft Qaz Layihə İnstitunda təcrübə keçmək şansı əldə etdim. Bu müddətdə “Instrumentation Designer” (ölçü cihazları dizayneri) kimi təcrübə yığdım. Daha sonra bu proqram çərçivəsində “SOCAR Downstream” daxilində açılan yeni APC komandasına əməkdaşlar axtarıldığını eşitdim. Türkiyədə təcrübə dövründə bu sahəyə marağım yaranmışdı və mən fürsəti qaçırmadım. Müsahibəyə qatıldım və uğur qazandım. Artıq 1 ildən çoxdur ki, Heydər Əliyev adına Neft Emalı zavodunda “APC Engineer” (Təkmilləşdirilmiş prosesə nəzarət üzrə mühəndis) kimi fəaliyyət göstərirəm”.
“Özümlə fəxr edirəm”
Nərmin Mamedova fəaliyyətlə yanaşı, təhsildə də dayanmayıb. Hazırda Bakı Ali Neft Məktəbində MBA (Project Management) sahəsi üzrə təhsilini davam etdirir. “Texniki biliklərlə yanaşı, biznes biliklərinə də sahib olmaq istəyirəm”, - deyir.
İşindən də, özündən də razıdır: “İndiyə qədər keçdiyim bütün yollar nə qədər əziyyətli olsa da, heç biri üçün peşman deyiləm və əksinə özümlə fəxr edirəm. Çünki onların mənə qatdıqları sayəsində bu gün mühəndis Nərmin Mamedovayam”.
Deyir ki, arada balaca Nərminin arzularını da gerçəkləşdirir: “Rəssamlığa da davam edirəm, artıq sərgilərimi təşkil edərək balaca Nərminin arzularını gerçəkləşdirirəm. 22 yaşımda mühəndis oldum, bunun üçün əlimdən gələni etdim. Amma 23 yaşımda da rəssam olacağımı və sərgidə ilk rəsmimi satacağımı hesaba qatmamışdım”.
“Yaxşı ki heç kimi dinləməyib arzularımın arxasınca getmişəm”, – deyən N.Mamedovanın tövsiyəsi də var: “Sadəcə cəsarətli olun və arzularınızın arxasınca gedin. Onda heç nəyin çətin olmadığını görəcəksiniz. Uğursuzluqdan qorxmayın, ən azı o yolun sizin üçün uyğun olmadığını görüb başqa yola yönələcəksiniz”.



