Naxçıvanda informasiya məhsulunun yaş təsnifatını aparan Ekspert Şurası yaradılacaq

22 Yanvar, 2026 - 11:35
Naxçıvanda informasiya məhsulunun yaş təsnifatını aparan Ekspert Şurası yaradılacaq

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılacaq.

Komitədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin (ekspertizanı sifariş edən şəxslərin) şikayətlərinə baxacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək. Bunun üçün də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi MR-də yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının tərkibinə daxil ediləcək müstəqil ekspertlərin seçilməsi və onlara ixtisas attestatının verilməsi məqsədilə müsabiqə elan edir.

Müsabiqənin şərtlərinə görə, müstəqil ekspertin müsabiqədə iştirak etməsi üçün onun fəaliyyət göstərdiyi ekspert təşkilatı tərəfindən komitəyə müraciət olunmalıdır.

Ekspertlərə ixtisas attestatının verilməsi üçün müraciət edən Ekspert Təşkilatı qanunvericiliyin tələbinə uyğun olaraq ən azı üç  ekspert ştatına malik olmalıdır.

Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir.

Test imtahanı 30 sualdan ibarət olmaqla 1 saat müddətində keçiriləcək və hər düzgün cavab 1 balla, düzgün olmayan və ya cavabsız saxlanılan cavab isə “0” balla qiymətləndiriləcək. Test imtahanından 25 və daha çox bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Test imtahanının keçirildiyi vaxt və yer barədə məlumat imtahandan 3 gün əvvəl komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək və namizədlərə sifarişli poçt bildirişi və ya elektron qaydada göndəriləcək. Müsabiqə və müsahibə proqramı Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək.

Ekspert Şurasının tərkibinə daxil ediləcək ekspert namizədləri pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olan şəxslər olmalıdır. Namizədlər elektron qaydada və ya birbaşa müraciət edə bilərlər.
Elektron qaydada müraciət edildikdə, müraciət forması ekspert təşkilatının rəhbərinin və ya nümayəndəsinin elektron imzası ilə təsdiq edilir.