Nazir: İnfrastruktur peşə təhsilində əsas problemlərdəndir

22 İyun, 2026 - 20:56
Nazir: İnfrastruktur peşə təhsilində əsas problemlərdəndir

“Peşə təhsilin problemlərindən biri infrastrukturdur”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib. 

O qeyd edib ki, ali təhsildə olan artım peşə təhsilində də davam edir: “Artıq 25–26 mindən çox insan peşə təhsilinə üz tutur. Peşə təhsilinin inkişafı istiqamətində Prezidentin 2025-ci ilin dekabr ayında imzaladığı fərmanla 23 peşə təhsili müəssisəsindən 21-nin yenidən qurulması və 2-nin əsaslı təmiri yeni bir mərhələ hesab olunur. 2030-cu ilə qədər bu işlərin icra olunması, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yeni peşə məktəblərinin tikintisinin həyata keçirilməsi nəticəsində infrastrukturun əsaslı şəkildə yaxşılaşdırılması mümkün olacaq. Qəbul etməliyik ki, peşə təhsilinin ən problemli istiqamətlərindən biri məhz infrastrukturdur. Çünki Birinci Qarabağ müharibəsinin nəticələri olaraq məcburi köçkünlərimizin uzun müddət əsasən peşə məktəblərində yerləşdirilməsi həmin müəssisələrin vəziyyətinə ciddi təsir göstərib”.

Nazir əlavə edib ki, son illərdə yeni peşə məktəblərinin yaradılması istiqamətində addımlar atılıb. İstər Bərdə, istər Qəbələ, istər Cəlilabad, istər Lənkəran, istərsə də Bakı şəhərində müasir tələblərə uyğun peşə təhsili müəssisələri yaradılıb:”Görürük ki, yeni və müasir peşə məktəbləri olduqda tələbələr də həmin müəssisələrə daha çox cəlb olunur. Hər birində ikiqat tələbə sayı və müsbət nəticələr müşahidə edilir. İnfrastruktur məsələləri tədricən həll olunduqca peşə təhsilinə üstünlük verən insanların sayı da artacaq”.