Nazir: MRİO qaliblərinin də ali məktəblərə qəbulu nəzərdən keçirilə bilər
"Məktəblilərin Respublika İdman Olimpiadası bu il ilk dəfə keçirilir və pilot xarakteri daşıyır. Uzun illərdir ki, məktəblər arasında bu miqyasda yarış keçirilmirdi. Elm və Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birlikdə belə bir təşəbbüslə çıxış edib".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışları zamanı elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.
Yarışların uğurla davam etdiyini söyləyən E.Əmrullayev qeyd edib ki, digər fənn olimpiada qalibləri kimi, bir neçə il sonra - həmin keyfiyyət və təşkilatçılıq olarsa, - bu yarışların qaliblərinin də müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbulu nəzərdən keçirilə bilər :
"Təbii ki, bunun üçün müvafiq qərarlar da zəruridir. Amma istiqamət olaraq bunu düşünürük. Uzunmüddət idmanla məşğul olan məktəblilər idmanla məşğul olmaq, yoxsa universitetə qəbul olmaq kimi seçimi qarşısında qalmayacaqlar. Onlar həm idmanla, həm də təhsillə məşğul olacaqlar. Planlar ondan ibarətdir ki, həmçinin universitet təhsilləri zamanı da universitetlərarası liqalarda təşkil olunan idman yarışlarında iştirak edəcəklər".




