Nazir müavini: Bilmək azdır, əsas məsələ biliyi tətbiq edə bilməkdir
“İdmanla məşğul olan və intellektual oyunlarda iştirak edən uşaqların mənimsəmə faizi bu fəaliyyətlərlə məşğul olmayan uşaqlarla müqayisədə 35 faiz yüksəkdir. Bunu elmi araşdırmalar göstərir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində söyləyib.
Nazir müavini bildirib ki, müasir dövrdə intellektual oyunlarda iştirak edən şagirdlər gələcək üçün özlərini hazırlamaq baxımından gözəl bir imkan qazanırlar:
“Xüsusilə informasiyanın həddindən artıq çox olduğu bir dövrdə, eyni zamanda müasir texnologiyaların geniş yayıldığı şəraitdə uşaqların intellektual oyunlarda, eləcə də idman və incəsənətlə məşğul olması olduqca böyük əhəmiyyətə malikdir”.
Onun sözlərinə görə, bilmək hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdir:
“Xüsusilə müasir dövrdə nəzəri biliyi əldə etmək olar. Əsas məsələ odur ki, onu nə dərəcədə təcrübədə tətbiq etmək bacarığın var. İndi elə bir dövrdür ki, ali məktəbi də bitirmək olar, diplom almaq da. Amma o diplomla gəlib işə qəbul olunmaq istəyəndə işəgötürən sənin nəzəri biliklərini soruşmur, praktiki bacarıqlarını soruşur. Amma gəlib səni yoxlayanda, səndə bacarığın olmadığını görəndə artıq sənin diplomunun heç bir əhəmiyyəti qalmır”.




