Nazir müavini: Türkiyə-Azərbaycan Universitetinə qəbul planı artırılacaq

4 Avqust, 2026 - 13:06
Nazir müavini: Türkiyə-Azərbaycan Universitetinə qəbul planı artırılacaq

“Gələcəkdə Türkiyə-Azərbaycan Universitetinə qəbul üzrə plan yerləri artırılacaq”. 

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyə-Azərbaycan Universitetinin yeni rektorunun təqdimat mərasimində deyib.

Nazir müavini bildirib ki, universitet qarşısında mühüm inkişaf hədəfləri müəyyənləşdirilib.

“Yeni kampus, yeni tədris binası və yeni ərazilərlə bağlı məsələlər Himayəçilər Şurasında müzakirə olunur, bu istiqamətdə təkliflər mövcuddur”.

İdris İsayev qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasındakı bu əməkdaşlıq modelinin yeni mərhələyə yüksəldilməsi vacibdir:

“Bu, strateji hədəf kimi müəyyən edilib. Qarşıdan ixtisas seçimi mərhələsi gəlir və abituriyentlər ilk növbədə öz prioritetlərini düzgün müəyyənləşdirməlidirlər. Ötən il də gördük ki, bu universitetə yüksək nəticə göstərən istedadlı tələbələr qəbul olunublar. Məqsədimiz daha çox istedadlı gənci universitetə cəlb etmək və burada formalaşdırılan yüksək təhsil standartlarını qorumaqdır. Elə etməliyik ki, Türkiyə-Azərbaycan Universitetində təhsil alan tələbələr İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Hacettepe Universitetində təhsil alan tələbələrlə eyni səviyyədə, eyni keyfiyyətdə təhsil alsınlar. Tələbələr bu imkanlardan və üstünlüklərdən maksimum istifadə etməlidirlər”.

Nazir müavini əlavə edib ki, Türkiyə-Azərbaycan Universitetinin inkişafı Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın təhsil sahəsində uğurlu nümunələrindən biridir və bu əməkdaşlığın daha da gücləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edir.