Nazir: Müəllimin nüfuzu onun rifah səviyyəsi ilə ölçülür
“Müəllimlərin yeni iş qrafikinə keçirilməsi təklifinin məqsədi, təbii ki, təhsilin başlıca hədəflərinə xidmət etməkdir. Əsas məqam isə təhsilin keyfiyyətinin artırılması və eyni zamanda müəllim peşəsinin nüfuzunun yüksəldilməsidir. Çünki müəllim peşəsinin nüfuzu müəllimlərin rifahının yüksəldilməsi, müəllimin bilik səviyyəsi, onun əməkhaqqısı, iş şəraiti, işə bağlılığı və fəaliyyətinin mahiyyəti ilə ölçülür. Bu islahat uzunmüddətli perspektivdə tədris və öyrənmə mühitinin yaxşılaşdırılmasına xidmət edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
“Bu, uzun müddətdir davam edən və başlanğıcı, bəlkə də, 2014-cü ildən düşünülmüş, 2015-ci ildən isə texniki olaraq başlamış bir prosesin davamıdır. Yəni bu, “gəlin sabah hər şeyi dəyişək” yanaşması ilə həyata keçirilmir. Bu proses son 10 il ərzində mərhələli şəkildə davam etdirilir. Məsələn, 2015-ci ildə iki mərhələdə müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirildi. Bundan sonra həftəlik dərs yükü norması dəyişdirilərək 12 saatdan 18 saata qaldırıldı. Bununla yanaşı, müəllimlərin əməkhaqqısı da iki dəfə artırıldı”, - deyə nazir vurğulayıb.




