Nazir: Müəllimlərin əməkhaqlarının artımı üçün vahid əmsaldan istifadə edilsin
“Növbəti mərhələdə biz müəllimlərimizi yenidən sertifikatlaşdırmaya cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlər üçün əməkhaqqı saathesabı ilə deyil, vahid bir sistem üzrə müəyyənləşdiriləcək. Saathesabı ilə əməkhaqqı sistemi ləğv olunmur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
“Biz çalışırıq ki, bu prosesi müəllimlərə sadə şəkildə izah edək. Müəllim də başa düşsün ki, biz nəyi təklif edirik və bu təklif nədən ibarətdir. Deyirik ki, növbəti sertifikatlaşdırma mərhələsində artıq əvvəlki kimi 10% və ya 35% artım əmsallarından deyil, vahid bir əmsaldan istifadə edilsin. Çünki birinci mərhələdən fərqli olaraq indi artıq bilirik ki, sistemdə qalan müəllimlərin heç olmasa minimal bilik səviyyəsi var. Yəni bu mərhələdə artıq müəllimin biliyinin səviyyəsini bir neçə kateqoriyada deyil, vahid əmsalla qiymətləndirə bilərik. Bu da təklif formasındadır, mən bu rəqəmi (məsələn, 30%, 35%, ya da 40%) səsləndirməklə nə vəd verirəm, nə də qərar elan edirəm. Bu, sadəcə bir təklifdir və digər dövlət qurumlarının da razılığı tələb olunur”, - deyə nazir qeyd edib.
O əlavə edib ki, dövlət büdcəsi bunu dəstəkləyərsə, sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqları şərti olaraq 35% artırıla bilər: “Bu zaman fərq etməz ki, müəllim sertifikasiyanı hansı nəticə ilə keçib əsas odur ki, keçib. Bu sistemin hədəfi müəllimlərin maaşlarının əsaslı şəkildə artırılmasıdır. Əvvəlki qayda ilə mən yenə müəllimin maaşını 10% artırıramsa, bu, müəllimin həyatında ciddi dəyişiklik yaratmır. Çünki həmin müəllim artıq birinci sertifikatlaşdırmadan keçib və bu 10%-lik artımı alır. İndi onu yenidən imtahana salıb, yenə 10% verməyin bir mənası yoxdur, Bu, müəllim üçün də bir motivasiya olmalıdır ki, sertifikatlaşdırmada iştirak etsin. Əvvəl necə demişdik: “Gəlin sertifikatlaşdırmada iştirak edin, maaşınız artsın”. İndi də eyni məntiqi tətbiq etmək istəyirik. Biz istəyirik ki, əvvəlkindən daha çox artım tətbiq edilsin, sertifikatlaşmadan keçən və fəaliyyətini davam etdirən müəllimlərə bu stimul verilsin. Sertifikatlaşma nə deməkdir? Bu o deməkdir ki, bu müəllim uğurlu müəllimdir. Deməli, o artıq əvvəlki mərhələdə bunu sübut edib. İndi isə deyirik ki, bəlkə bu müəllim artıq “yaxşının da yaxşısıdır”. Elədirsə, bu müəllimi də fərqləndirmək lazımdır”.




