Nazir: Peşə təhsilində insan kapitalına yönəlmiş təhsil modelinə keçməliyik
“Peşə təhsili sistemində tələbə sayı 2020-ci illə müqayisədə iki dəfə artıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı peşə təhsili və beynəlxalq fənn olimpiadalarındakı nəticələrlə bağlı məlumat verib.
Nazir qeyd edib ki, bu il beynəlxalq fənn olimpiadalarında Azərbaycan şagirdləri mühüm uğurlar qazanıblar:
“Beynəlxalq olimpiadalarda iştirak edən 51 şagirdimiz medal qazanıb, onlardan 14-ü qızıl medalın sahibi olub. Bu, ölkəmizin ümumi təhsil sistemində keyfiyyətin artdığını göstərən mühüm göstəricidir”.
Emin Əmrullayev bildirib ki, peşə təhsili sahəsinə dövlət tərəfindən ayrılan vəsait ilbəil artır:
“Peşə təhsili üzrə 2026-cı ilin dövlət büdcəsində 125,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci illə müqayisədə 23,3 milyon manat və ya 29 faiz artım deməkdir. Hazırda 76 peşə təhsili müəssisəsində yüksəldilmiş ixtisas tədrisi həyata keçirilir”.
Nazirin sözlərinə görə, peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı son illərdə iki dəfə artıb:
“Ümumilikdə tələbə qəbulu 27 min nəfəri ötüb. Onların 23,7 mini, yəni 84,3 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla təhsil alanların sayı isə 15,3 faiz təşkil edir. Bu il peşə təhsili müəssisələrinə qəbul olunanların 39 faizi regionlardandır. Əgər 2020-ci ildə bu göstərici 13 min nəfər idisə, hazırda 27 min nəfərə çatıb”.
Nazir əlavə edib ki, 2020-ci ildən etibarən peşə təhsili müəssisələrində mərhələli şəkildə modul əsaslı tədris modelinə keçid həyata keçirilir:
“Hazırda 88 min 400 tələbəni əhatə edən 90-a yaxın peşə təhsili müəssisəsində bu model tətbiq olunur. Növbəti ildə bu sayın 112 min nəfərə çatdırılması planlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən əlavə 60 milyon manat ayrılacaq və ümumilikdə bu istiqamətdə 130–170 milyon manatlıq maliyyə dəstəyi nəzərdə tutulur”.
Emin Əmrullayev çıxışında qeyd edib ki, peşə təhsilində ənənəvi yanaşmalar dəyişdirilməlidir:
“Sadəcə ixtisas verməklə, formal təlim keçirməklə nəticə əldə etmək mümkün deyil. Biz bu sahədə insan kapitalına yönəlmiş, real bacarıqların formalaşmasını təmin edən təhsil modelinə keçməliyik”.



