Nazir: “Qızların təhsilinə dəstək” layihəsi üzrə bu il 66 nəfər məzun adını qazanıb
“Qızların təhsilinə dəstək” təşəbbüsü ilk dəfə 2021-ci ildə irəli sürüləndə böyük məmnuniyyətlə qarşılanıb və sonrakı illərdə davamlı layihəyə çevrilib.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev layihə çərçivəsində təşkil olunan “II Məzun Günü – 2026” tədbirində söyləyib.
Nazir qeyd edib ki, layihə yüzlərlə gənc xanımı əhatə edir və onların təhsilinə göstərilən dəstək cəmiyyətin inkişafına mühüm töhfə verir. Qızların təhsili yalnız onların fərdi inkişafı deyil, bütövlükdə cəmiyyətin tərəqqisi baxımından böyük əhəmiyyət daşıyır.
Emin Əmrullayev bildirib ki, qızların təhsilə cəlb olunması erkən yaşlardan təmin edilməlidir. Müxtəlif təhsil pillələrində qız şagirdlərin nəticələri bir çox hallarda oğlanların göstəricilərindən daha yüksək olur və son beş ildə bu sahədə müsbət dəyişikliklər müşahidə edilir.
Nazir bildirib ki, layihə üzrə bu il 66 qız məzun adını qazanıb. O, qızların əldə etdikləri nailiyyətlərin digər gənclər üçün də motivasiya mənbəyi olduğunu vurğulayıb.




