Nazirlik rəsmisi: Ekoloji biliklərin tədrisinin icbariliyi dövlət siyasətinin əsas istiqamətlərindəndir
Müasir dövrdə ətraf mühitin vəziyyəti, ekoloji problemlərin artması, Yer kürəsinin qlobal ekosisteminə antropogen təsirin güclənməsi ilə əlaqədar olaraq insanlarda təbii ehtiyatların səmərəsiz istifadəsinə və istehlakına yanaşmanı dəyişdirmək, ekoloji etik qaydaların, xüsusilə uşaq və gənclərdə ekoloji mədəniyyətin formalaşması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir. Xüsusilə ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Kioto Protokoluna 2000-ci ildə qoşulduqdan sonra sahə üzrə çoxsaylı qanun layihələri və əsas icraçısından biri Elm və Təhsil Nazirliyi olan “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova ADA Universitetində keçirilən “Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: Təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, bu qanunda təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi, ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi, ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilir.
“Bəs ekoloji təhsil nədir? Ekoloji təhsil - gənc nəsildə ekoloji problemlərin həllinə məqsədyönlü yanaşmanın, təbii ehtiyatların istifadəsinə qənaət, ətraf mühitə qayğıkeş münasibətin formalaşdırılması, cəmiyyətin gələcək vətəndaşları olan məktəblilərə ətraf mühitin qorunması sahəsində bilik və bacarıqların, ekoloji mədəniyyətin aşılanması, ekoloji mühitin vəziyyətinin yaxşılaşdırılmasında onların fəal iştirakının təmin edilməsidir. Qeyd edilmiş istiqamətlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən fəaliyyət məktəbəqədər təhsil pilləsində “Ətraf mühitlə tanışlıq” məşğələləri ilə başlayaraq, ümumi təhsildə “Həyat Bilgisi” və bildiyimiz təbiət fənləri ilə, eləcə də məktəbdənkənar təhsil proqramları və dərnəkləri ilə, ali təhsil pilləsində isə ixtisaslar, fənlər və akademik proqramlar vasitəsilə davam edir. Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə isə bu mövzular tədqiqat sahələri kimi araşdırılır, gənc və qocaman alimlərimiz tərəfindən ölkə və beynəlxalq səviyyəli problemlərin həllinə töhfələr verilir”, - deyə nazirlik rəsmisi qeyd edib.
Ayla Həsənova-Məmmədova əlavə edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən PISA beynəlxalq qiymətləndirmə tədqiqatına oxu, riyaziyyat, təbiət elmləri sırasına iqlim savadlılığı meyarının da əlavə edilməsi təşəbbüsü irəli sürülüb: “Bu innovativ təşəbbüs iqlim dəyişikliyi üzrə nəinki ölkəmizin, beynəlxalq miqyasda uşaq və gənclərin bilik və bacarıqlarının artırılması üçün dayanıqlı həll yoludur”.


