Nazirlik rəsmisi: Universitetlərdə kibertəhlükəsizlik laboratoriyalarının yaradılması prioritetdir
Azərbaycanda informasiya və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə ixtisaslaşmış laboratoriyaların ali təhsil müəssisələrinin bazasında yaradılması dövlətin əsas prioritetlərindən biridir.
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasının açılışında bildirib.
Onun sözlərinə görə, ölkə üzrə 2023–2027-ci illəri əhatə edən süni intellekt və kibertəhlükəsizlik strategiyasına uyğun olaraq dövlət qurumlarına konkret tapşırıqlar verilib: "Tədbirlər Planında informasiya və kibertəhlükəsizlik laboratoriyalarının məhz universitetlərin bazasında qurulması xüsusi yer alıb. Məqsəd gənc mütəxəssislərin praktiki bilik və bacarıqlarını artırmaqdır".
A.Nərimanov qeyd edib ki, universitetlərə edilən müraciətlər zamanı ali məktəblərin artıq fiziki təhlükəsizlikdən daha çox intellektual təhlükəsizlik konsepsiyasına keçid etdikləri müşahidə olunub.
Onun sözlərinə görə, ölkədə rəqəmsal inkişaf, süni intellekt və rəqəmsal iqtisadiyyat strategiyalarının qəbul edilməsi Azərbaycanın transformasiya mərhələsinə daxil olduğunu göstərir: "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq sadəcə texniki məsələ deyil, iqtisadi və sosial dəyər yaradan əsas komponentə çevrilib. Bu dəyər həm dövlət, həm biznes, həm də cəmiyyət üçün vacibdir. Bu sahədə əsas amil insan kapitalıdır və laboratoriyalar məhz tələbələrin bilik və bacarıqlarının inkişafına xidmət edəcək".
Nazirlik nümayəndəsi bildirib ki, yeni laboratoriya tələbələr üçün həm tədqiqat, həm innovasiya, həm də startap imkanları yaradacaq: "Burada süni intellekt həlləri, yeni məhsullar və intellektual layihələr formalaşacaq. Bu mühit yerli startap ekosisteminin inkişafına təkan verəcək və gənclərin beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq".



